Kinematoqrafiyada bataqlıq qumunda ölüm səhnələri — bədbəxt qəhrəmanın tədricən quma çəkilərək başına qədər yerin altında yox olması Hollivudun ən məşhur və təsirli səhnələrindən biridir.
Görüntü olduqca vahiməli təsir bağışlayır. Lakin real həyatda belə bir hadisənin baş verməsi fiziki baxımdan mümkün deyil.
Amsterdam Universitetinin alimləri apardıqları ətraflı araşdırma nəticəsində müəyyən ediblər ki, insan bədəni bataqlıq qumuna ən çox bel və ya sinə səviyyəsinə qədər bata bilər. Bundan sonra qum, su və gildən ibarət sıx qarışıq insanı, sanki üzgəc kimi, yenidən yuxarı itələyir.
Belə bir tələdə havanın çatışmazlığından boğulmaq mümkün deyil. Amma bu, bataqlıq qumunun tamamilə təhlükəsiz olduğu anlamına gəlmir.
Bataqlıq qumu bir növ təbii sement kimi fəaliyyət göstərir: insan ondan xilas olmaq üçün qəfil və güclü şəkildə hərəkət etdikdə qarışıq daha da sıxlaşır və ətrafları möhkəm şəkildə sıxaraq hərəkətsiz vəziyyətə salır.
Belə vəziyyətdən kənardan kömək olmadan çıxmaq demək olar ki, mümkün deyil. Buna görə bataqlıq qumunda ilişib qalan insanı tamamilə real təhlükələr gözləyir: susuzluq, yandırıcı günəş, suyun qalxması və ya vəhşi heyvanların hücumu.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Mənbə: “Mən nə üçün bunları bilmirdim”
