“Bu halda Rusiyanı neytrallaşdıracağıq və separatçıların çıxış yolu qalmayacaq” – İLGİNC AÇIQLAMAbackend

"Bu halda Rusiyanı neytrallaşdıracağıq və separatçıların çıxış yolu qalmayacaq" - İLGİNC AÇIQLAMA

Azərbaycan tərəfi Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib. Göründüyü kimi rəsmi Bakı inteqrasiya məsələsində mühüm addımlar atsa da, bəzi qüvvələr danışıqların Azərbaycanda gerçəkləşməsinə əngəl törətməyə çalışır. Bəs görəsən, bu dəfə Azərbaycan tərəfinin təklifi qəbul olunacaqmı? Ümumiyyətlə danışıqlar prosesinə hansı qüvvələr mane olur? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan tərəfinin Qarabağdakı erməni icmasını Bakıya dəvət etməsi, inteqrasiya və infrastruktur məsələlərinin icrasını müzakirəyə çıxarması düzgün addımdır: “Qarabağdakı ermənilərlə Azərbaycanın birbaşa təması ölkəmizin beynəlxalq imicini daha da yüksəldir və müəyyən dövlətlərin rəsmi Bakıya qarşı təzyiqlərini neytrallaşdırır. Amma nə qədər ki, Qarbağdakı separatçılar və Rusiya hərbi kontingenti var, erməni icmasının Bakıya gəlməsi və reinteqrasiya məsələsini müzakirə etməsi mümkün deyil. Çünki Rusiya heç zaman buna imkan verməz”.

Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Politoloq əlavə edib ki, Azərbaycan tərəfi Qarabağın erməni icmasının Ermənistandan qaz və elektrik enerjisi ilə təchiz olunmasının qarşısını almağa çalışır: “Rəsmi Bakı bu kommunal xidmətləri Qarabağdakı ermənilərə özü ixrac etmək istəyir. Amma erməni icması, xüsusən də oradakı separatçılar və revanşistlər Kremlə tabedir. Düşünürəm ki, bu səbəbdən də Azərbaycanın təklifini qəbul etməyəcəklər. Növbəti danışıqlar prosesinin Xocalıda baş tutması mümkündür. Hərçənd Rusiya hərbi kontingentinin mövcudluğu bu müzakirələrin qarşısını alır. Elə bu səbəbdən də, Azərbaycan yalnız güc tətbiq etməklə istədiyinə nail ola bilər”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanla sərhəddə (Laçın dəhlizi) gömrük postu qoyulduqdan sonra mövcud məsələlər reallaşa bilər: “Çünki bu zaman biz Rusiyanı neytrallaşdırmağa nail olacağıq. Artıq separatçılarında  heç bir çıxış yolu qalmayacaq. Qeyd etmək lazımdır ki, ordumuz Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti bərpa etdikdən sonra oradakı separatçıları daha da sıxışdıra bilmişik. Bu, əlbəttə ki, sülhə və təhlükəsizliyə xidmət edir. Amma hər bir halda erməi icmasının Bakının təklifini qəbul etməyəcəyini düşünürəm və hesab edirəm ki, və prosesin hələ bu cür davam edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*