
Cəmiyyətdə ajiotaj doğuran məsələlərə mövqe bildirməyə tələsmirəm. Birincisi, istənilən hadisə barədə soyuq başla danışmağı daha məqbul hesab edirəm. İkincisi, sosial şəbəkələrdəki müzakirələrdə agız deyəni qulaq eşitmir. Hamı bildi-bilmədi, hadisə və əşyaya münasibət zamanı xorla danışır ki, çıxara biləcəyimiz səsimiz də elə onun içində itib-batır. Və ən nəhayət, üçüncüsü, istənilən məsələyə konseptual yanaşma olmalıdır.
Ölkədə və xaricdə gedən proseslər mətbəx mövzuları deyil. Baş verənlər və verə biləcək hadisələr, proqnozlar çayxana müzakirələri səviyyəsində aparılmamalıdır. Amma di gəl ki, bir problemin həlli ilə bağlı ictimaiyyətin tanınmış şəxslərindən elə açıqlamalar oxuyuram ki, əlim üzümdə qalır. Yəni doğrudanmı, mənəvi aşınma vəba xəstəliyi kimi hər kəsi ağuşuna alıb və ya almaqdadır?! Yəni doğrudanmı, ağırtonnajlı mənalar kəsb edən, hər cümləsi ilə oxucunun yaxasını silkələyən, atom effekti verə bilən yazıları və yazarları diqqətə alan yoxdur? Elə bil zəncir haradasa qırılır, belə araşdırmalar, mövzuların işlənmə metodları, prinsipial və əsaslı sənədlər dövlətin sinir yerlərinə toxunmur və ya sadəcə dosyeləşdirilir. Ola da bilər ki, paralel olaraq arxivləşdirilir.
Elə dünən böyük hörmət etdiyim ziyalımız Akif Əlinin Yazıçılar Birliyi haqqında “Üçüncü yazı” kitabından hissələri öz fundamental yanaşması ilə seçilirdi. Amma məqalənin geniş müzakirəsi məqsədli şəkildə stoplandı, yalnız ayrı-ayrı şəxslərin təmsil olunduğu vatsab qruplarında saf-çürük edildi.
Məncə, bu və adını çəkməyə ehtiyat etdiyim digər azman jurnalistləri, qələm adamlarını media islahatı hərəkatına, ölkədə anonsu verilən digər genişmiqyaslı proseslərə cəlb etməliyik. İstəyirsiniz adını beyin mərkəzi qoyun, intellektual bank qoyun, dəxli yoxdur, əsas odur ki, bu işıqlı mövqelər cəmiyyətin müzakirəsinə çevrilməlidir. Televiziyalarda bununla bağlı tok-şoular, dəyirmi masalar və digər formatlı müzakirələr keçirilməlidir. Cənablar və cənablar, göydəki ulduzların sayı qədər min təəssüflər olsun ki, biznes və şəxsi maraqlar, idxal olunan məqsədli ideoloji tezislər, xaosa meyllilik hər şeyi alt-üst edir.
Yeri gəlmişkən, götürək elə mediadakı mövcud problemlərin diaqnozuna göstərilən hay-küy yaradan münasibəti. Söhbət bir neçə gün bundan öncə Mətbuat Şurasının sədri, çox hörmət etdiyim Rəşad Məcidin mətbuatın bugünkü mənzərəsi ilə bağlı statusu idi. Açığı, bu statusu oxuyanda çox təəssüf hissi keçirdim. Amma özümə təsəlli vermək istədim ki, axı bu, bir statusdur, araşdırma, analitik yanaşma deyil. Hə, birdən yadıma düşdü ki, elə məni narahat edən də budur ki, facebook pəncərəsindən “boylanan şərh” çayxanada Çin-ABŞ münasibətlərindən danışmağa bənzəyir. Rəşad Məcid bəlkə də mediadakı problemlərin səbəb və nəticələrini hamıdan yaxşı bilir. Amma heç olmasa həmin sahədəki çatışmazlıqlar, tərs-mütənasiblik, tavtologiya, informasiya texnologiyalarının təsiri, daha nələr-nələr barədə heç olmasa ştrixləri qeyd edərdi. Hikkəli danışmaq Rəşad müəllimə yaraşmır.
Əslində bu, media tənzimləmələrinə deyil, başqa istiqamətlərə təsir edir. Ona görə də vaxtilə sevimli mətbu orqanın rəhbəri kimi tanınan bir şəxsin diletant təsiri bağışlayan statusu məni silkələdi, məyus etdi.
Cənab Məcid, sizdən təvəqqe edirəm, həm Yazıçılar Birliyinin sədr müavini, həm də Mətbuat Şurasının sədri kimi daha sanballı mövqe bildirəsiniz. Doğrudur, günah sizdə deyil. Günah hamımızdadır.
Artıq həqiqətin çılpaq olduğunu hər kəs görür. Çılpaq həqiqətin vücudunu əncir yarpağı ilə örtmək olmaz. Elə qocaların vəzifə ehtirasları, kreslolarına xədim sevgisi haqqında sükuta dalınmaz. Məsələn, xalq yazıçısı Anarın bu yaşda niyə təkidlə birliyin rəhbəri olmasını yenidən car çəkmək lazımdır.
Bununla bağlı KONKRET.az-ın Araşdırma Qrupunun materialı dərc edilib. Gerisi dövlətin işidir. Onsuz da müvafiq yerlərdə kimin kim olduğunu bilirlər. Amma bu məsələlər dosyelərin yığıldığı siyirmələrdədir.
Biz hələ də seyrçi mövqeyindəyik və zəncirin qırıldığı yeri görməzdən gəlirik deyə elə belə də olacaq.
KONKRET.az
