Bu kəndə avtomobillə girmək qadağandırbackend

Bu kəndə avtomobillə girmək qadağandır

Hollandiyanın Overeyssel əyalətində yerləşən Giethoorn kəndi avtomobilsiz həyatı, sakit kanalları və tarixi memarlığı ilə turistləri nağıl aləmini xatırladan bir məkana aparır. “Şimalın Venesiyası” kimi tanınan bu kənd hər il 1 milyondan çox ziyarətçini qəbul edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müasir şəhər həyatının səs-küyündən uzaqlaşmaq istəyənlər üçün Giethoorn əsl istirahət məkanı hesab olunur.

Kəndin ən maraqlı xüsusiyyətlərindən biri onun ərazisində avtomobil yollarının olmamasıdır. Təxminən 2 min 600 nəfərin yaşadığı bu sakit yaşayış məntəqəsində nəqliyyat tamamilə kanallar, velosiped yolları və taxta körpülər vasitəsilə təmin edilir.

Burada əsas nəqliyyat vasitəsi elektrik mühərrikli qayıqlardır. Kəndə gələn turistlər isə əksər hallarda bu qayıqları özləri idarə edərək kanallar boyunca gəzintiyə çıxırlar.

 

Saz örtüklü damları olan tarixi evlər, rəngarəng güllərlə bəzədilmiş həyətlər və su kanalları Giethoornu kartpostalı xatırladan mənzərəyə çevirir.

Maraqlı ənənələrdən biri də odur ki, tarixi evlərin ön qapıları yalnız toy mərasimlərində evə daxil olmaq və yas mərasimlərində evdən çıxmaq üçün istifadə edilir. Gündəlik həyatda isə sakinlər yan qapılardan istifadə edirlər.

Kəndin adının isə bölgəni ilk məskunlaşan insanların burada çoxlu sayda keçibuynuzu tapması ilə əlaqədar verildiyi bildirilir.

Giethoornun dünya miqyasında məşhurlaşmasının əsas səbəbi isə 1958-ci ildə çəkilmiş “Fanfare” komediya filmi olub. Filmin böyük maraqla qarşılanmasından sonra kənd turistlərin diqqət mərkəzinə çevrilib.

Hazırda Giethoorn artıq səkkiz ildir Monopoly Dünya Şəhərləri oyununda yer alır və dünyanın müxtəlif ölkələrindən, xüsusilə Türkiyə, Yaxın Şərq və Uzaq Şərqdən gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri hesab olunur.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*