Əvvəlcə onu deyək ki, süni intellektdən bir çox sahədə uzun zamandır istifadə edilir, lakin indi bu ağıllı alətlərin hər kəs üçün əlçatan olması hər birimizin robot dostunun olması deməkdir. İstədiyimiz an bu dostumuzdan zarafat etməsini və ya hər hansı bir şəkli canlandırmasını tələb edə bilirik. Kim belə dost arzulamaz ki… Odur ki, süni intellektə tələbat artmaqda davam etdikcə, mövcud olan alət və tətbiqlərin çeşidi də artır.
KONKRET.az xəbər verir ki, alimlər süni intellektlə bağlı yeni faktlar aşkarlayıblar.
İsrail və Böyük Britaniyadan olan beynəlxalq tədqiqatçılar qrupu süni intellektə əsaslanan böyük dil modellərinin yaşlandıqca idrak bacarıqlarının zəiflədiyini təsdiqləyiblər. Araşdırma “The BMJ” elmi jurnalında yayımlanıb. Araşdırma qrupunun üzvləri, “ChatGPT”, “Gemini” və digər məşhur “chatbot”ları Monreal İdrak Qiymətləndirmə Testi (MoCA) ilə sınayıblar.
Bu test, adətən insanlarda Altsheymer və ya demensiya kimi idrak pozğunluqlarını müəyyən etmək üçün istifadə olunur və diqqət, yaddaş, dil bacarıqları, vizual qavrayış və icra funksiyaları ilə bağlı tapşırıqları əhatə edir. Nəticələr göstərir ki, neyron şəbəkələr bəzi tapşırıqlarda yaxşı nəticə göstərir, amma keçmişi xatırlamaqda çətinlik yaşayır. Məsələn, “ChatGPT”nin ən son versiyası 30 baldan 26 bal toplayaraq insan üçün normal hesab edilən nəticəni əldə edib.
Daha əvvəlki versiya olan “Gemini 1.0” isə yalnız 16 bal toplayaraq mümkün idrak zəifliyini ortaya qoyub. Tədqiqatçılar bu nəticələrin yalnız müşahidə xarakteri daşıdığını və süni intellekt ilə insan beyni arasında birbaşa müqayisə edilməməli olduğunu vurğulayırlar.
Lakin onlar bildirirlər ki, tapılan zəifliklər süni intellektin klinik tibb sahəsində, xüsusilə vizual abstraksiya və icra funksiyaları tələb edən işlərdə istifadəsini ləngidə bilər.//Milli.Az