Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində qalib gələn Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmanı təbrik edib.
KONKRET.az xəbər verir ki, Ərdoğan bu barədə X səhifəsində yazıb.
“ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-in demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və regionumuz üçün faydalı olacağına ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.