Ermənistan rəhbərliyi İrəvana silah tədarükü üçün yeni tərəfdaşlar axtarışını davam etdirir. Hazırda Ermənistana əsas silah tədarükçüləri Fransa və Hindistandır. Amma düşmən ölkə Yunanıstan və Kiprlə də hərbi əməkdaşlıq barədə saziş imzalayıb. Hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan Afinada Yunanıstan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəlmişdi. İndi də Yunan Kipri bu müqaviləyə qoşulub.
Qeyd edək ki, Ermənistan-Yunanıstan hərbi razılaşması iki ölkə arasında təmasları xeyli intensivləşdirib. Bu ilin fevralında Nikol Paşinyanın Afinaya səfərindən sonra Yunanıstanın müdafiə naziri Nikolaos Dendias İrəvana gəlib və bəyan edib ki, Afinanın Ermənistana hərbi dəstək vermək üçün Fransa və Hindistanla birgə fəaliyyət göstərməsini istisna etmir. O, çoxtərəfli hərbi əməkdaşlığa toxunaraq Fransa, Yunanıstan, Kipr və Hindistanı Ermənistanın hərbi strateji tərəfdaşı adlandırıb: “Kiprlə uğurlu üçtərəfli müdafiə tərəfdaşlığımız var. Amma Fransa və Hindistanla üçtərəfli, dördtərəfli tərəfdaşlıq da mümkündür. Bunlar Ermənistan və Yunanıstanın ortaq dostlarıdır”, – deyə Dendias Papikyanla birgə mətbuat konfransında bildirib. O, dördtərəfli hərbi ittifaqın yaradılması perspektivinə toxunub. Ermənistanı hərbi sahədə dəstəkləyən ölkələrin çoxalması Cənubi Qafqazda sülhü təhlükə altına alır. Bu ilin əvvəlində Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində Ermənistanın silah tədarükü sahəsində ciddi uğur qazandığını demişdi: “Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik danışmaq istəmədiyim digər tərəfdaşlar da var”, – deyə Papikyan bildirmişdi.
Bu sözlər bir daha təsdiq edir ki, Ermənistan tərəfinin sülhə hazır olması ilə bağlı yalan bəyanatlarının əksinə olaraq, İrəvan fəal şəkildə silahlanır və qisasçı planlar qurur.
Digər məqam, Ermənistana silah ixrac edən hər bir ölkənin regionda öz maraqlarının olması ilə bağlıdır. Məsələn, Fransa Ermənistanı yalnız Cənubi Qafqazda öz məqsədlərinə çatmaq üçün silahlandırır, xüsusən bu, Parisin Afrika ölkələrindəki siyasətinin biabırçı uğursuzluğundan sonra baş verir. Hindistan Ermənistanı silahlandırmaqla həm də regionda öz geosiyasi məqsədlərini həyata keçirir, Pakistanla üz-üzə gəlməyə, Avropa və Avrasiya bazarlarına çıxışını genişləndirməyə çalışır. Paralel olaraq Hindistan Türkiyə ilə ciddi fikir ayrılıqları olan Yunanıstanla hərbi əməkdaşlığı genişləndirir. Hindistanın baş naziri Narendra Modinin 2023-cü ilin avqustunda Afinaya bir günlük rəsmi səfərini Hindistan mediası Kəşmir məsələsində Pakistanın maraqlarını dəstəkləyən Türkiyə üçün, mühüm siqnal olacağını yazıb. Eyni zamanda, “Financial Express” qəzeti Hindistanın Türkiyə-Pakistan-Azərbaycan müttəfiqliyinə alternativ olaraq Ermənistan və Yunanıstanın iştirakı ilə yeni güc mərkəzi yaratmaq planların toxunub.
Yunanıstana gəlincə, yaxın vaxtlarda Yunanıstanın “Enikos” portalı Afinanın “S-300” və Rusiya istehsalı olan digər silah sistemlərini Ermənistana ötürə biləcəyi barədə məlumat yayıb. Ümumiyyətlə, Ermənistanın hərbiləşdirilməsi istər-istəməz Azərbaycanla yeni müharibəyə gətirib çıxara bilər. Bu barədə Bakı dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq da edib. Prezident İlham Əliyev bu ilin aprelində ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycana Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bəyan etmişdi: “Biz oturub gözləyə bilmərik ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırsın. Bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta bu yolla bizə nəyisə sübut etməyə çalışırlar. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistan üçün narahatlıq nümayiş etdirən tərəflərə çatdırdıq. Əgər özümüzə qarşı təhlükə görsək, ciddi addımlar atılacaq”,- deyə dövlət başçısı xəbərdarlıq edib. İrəvan bu xəbərdarlığa qulaq asmalı və 4 il əvvəlki biabırçı məğlubiyyətindən dərs çıxartmalıdır. İrəvan anlamalıdır ki, sürətlə silahlanma onların sonunu gətirə və Ermənistan öz dövlətçiliyini birdəfəlik itirə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az