Mayın 17-də ölkənin bir sıra ərazilərində müşahidə olunan güclü yağış magistraturaya qəbul imtahanında iştirak etməli olan namizədləri də çətin vəziyyətdə qoyub. Nəqliyyatın hərəkətindəki çətinlik və yolların gölməçəyə çevrilməsi səbəbindən bəzi şəxslər imtahan mərkəzlərinə vaxtında çata bilməyiblər. İmtahanda iştirak edə bilməyən namizədlər isə həm vaxt itirdiklərini, həm də ödədikləri 50 manatın qüvvədə qaldığını deyirlər. Bəs təbii şəraitdən qaynaqlanan belə hallarda namizədlər üçün alternativ imkan yaradılmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, yaranan vəziyyət fors-major hal kimi qiymətləndirilməlidir:

“Doğrudan da Bakıda çox pis hava şəraiti var idi. Normadan xeyli artıq yağış yağmışdı. Şəhərdə həm nəqliyyatın, həm də insanların hərəkəti iflic vəziyyətinə düşmüşdü. Bununla əlaqədar magistratura imtahanında da əksər tələbələr problemlər yaşadılar. Bəziləri imtahana gələ bilmədi, gecikdilər və sair. Bu, fors-major haldır”.
Ekspert hesab edir ki, yaranmış vəziyyət nəzərə alınaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən əlavə qərar qəbul edilə bilər:
“Düşünürəm ki, DİM-in texniki imkanı var. İmtahana gələ bilməyənlər üçün başqa vaxt imtahan təşkil etmək mümkündür. Çünki tələbələrdən asılı olmayan səbəbdən belə vəziyyət yaranıb. Heç kəs düşünə bilməzdi ki, belə hava şəraiti olacaq”.
İlham Əhmədovun sözlərinə görə, magistraturada boş yerlərin çox olması və qəbul üçün müraciətlərin azalması da belə addımın atılmasını mümkün edir:
“Magistraturada boş yerlər çoxdur. Magistraturaya axın xeyli azalıb. Oxumaq istəyən tələbələrin imtahanlarını yenidən təşkil edə bilərlər. Məzunlara kömək etməliyik”.
***
Qeyd edək ki, məsələ ilə bağlı DİM-dən KONKRET.az-a verilən məlumata görə, 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
“Ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarına uyğun olaraq bakalavrlara qəbul imtahanında iki dəfə iştirak etmək hüququ verilir və müsabiqə onların ən yüksək nəticəsi əsasında aparılır. 2026/2027-ci tədris ili üzrə magistraturalara qəbul üçün aşağıdakı imtahan tarixləri müəyyən edilmişdir:
I cəhd — 15.02.2026;
II cəhd — 17.05.2026.
I cəhd üzrə imtahanda iştirak etmək üçün 22 780, II cəhd üzrə isə 23 086 bakalavr qeydiyyatdan keçmişdir.
17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunmuşdur. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilmişdir:
– İmtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması;
– İmtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi.
Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarala dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilmişdir.
Nəticədə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunmuşdur.
Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak etmişdir. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.
Bakalavrların diqqətinə çatdırırıq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər”.
Müşviq Tofiqoğlu
KONKRET.az
