“Gedər-gəlməz”ə qədər gedib çıxan GENERAL POLAD HƏŞİMOV – FOTOLARbackend

“Gedər-gəlməz”ə qədər gedib çıxan GENERAL POLAD HƏŞİMOV - FOTOLAR

Ramil Rzayev

Yanvarın 2-si əfsanəvi Generalımız Polad Həşimovun doğum günü idi. Xatirəsi bütün ölkədə dərin ehtiramla yad edildi. Haqqında xoş sözlər deyildi, müqəddəs əməllərindən danışıldı, sosial şəbəkələri və medianı vüqarlı şəkilləri bəzədi gün boyu. Amma deyilib-yazılanlardan yenə də bəlli oldu ki, 45 illik ömründə hərb və insanlıq tarixində buraxdığı izlər çox dərindir. Və barəsində həvəslə, sevə-sevə danışmaq istəyən də çoxdur, haqqında yazılanları birnəfəsə oxuyanlar da…

KONKRET.az kollektivi də Paşamızla bağlı materialların və xatirələrin toplanmasını özünün mənəvi borcu hesab edir. Və uzun illər Daşkəsəndəki N saylı hərbi hissədə ölməz generalımızla birgə fəaliyyət göstərən, hazırda da orada sürücü işləyən Ramil Rzayevin xatirələrini qələmə alaraq sizlərlə bölüşür.

“Ananın südü kimi halalın olsun”…

Polad Həşimov bizim hərbi hissəyə, yəni Daşkəsənə 2008-ci ildə gəldi. Əvvəl o, Sumqayıtda xidmət edirdi. 2008-ci ildən 2015-ci ilə qədər bir yerdə işlədik, həmin illərdə bizim hərbi hissənin komandiri oldu. O, leytenant hərbi rütbəsini də Daşkəsəndə xidmət edərkən almışdı. O zaman çalışdığı hərbi hissə Murov hərbi hissəsinin tərkibində idi. Və bir faktı deyim ki, onun gəncliyində aldığı bir Niva maşını var idi ki, həmin illərdə onu satıb, öz hesabına acınacaqlı vəziyyətdə olan bir postu tikdirmişdi. Ümumiyyətlə, Paşamız Daşkəsəndə işlədiyi müddətdə nə eləmişdisə, hamısını öz hesabına etmişdi.

Haşiyə: Generalımızın bacısı Kəmalə Həşimova da NİVA məsələsini çox yaxşı xatırlayır: “Polad bir dəfə evə gələndə dedi ki, “postlar dağ yollarında yerləşir, gedib-gəlmək üçün mənə NİVA maşını lazımdır”. Onda bacımın həyat yoldaşı maşın alveri ilə məşğul olurdu. Polad gedəndən sonra rəhmətlik atam kiçik qardaşım İlhama və bacımın yoldaşına dedi ki, Polada bir maşın təşkil edin, alaq. Onlar da mavi rəngdə bir NİVA tapıb aldılar və özləri də sürüb aparıb Daşkəsəndə özünə verdilər. O maşın alınanda Polad hələ subay idi, haradasa bir ildən sonra evləndi.

Sonralar eşitdik ki, satıb o maşını. Elə-belə soruşduq ki, niyə satmısan? Dedi ki, lazım oldu, satdım. Biz də çək-çevir eləmədik, çünki o, çox şeyi açıqlamağı sevmirdi”.

Bizim hərbi hissəyə gələndə Polad Həşimov artıq polkovnik-leytenant idi. O, hərbi hissəmizə gələnə kimi haqqında demək olar ki, bütün məlumatları öyrənmişdik. Hər kəs, yəni digər hərbi hissənin hərbçiləri bizə deyirdi ki, çox şanslı insansınız, Polad Həşimov kimi komandiri qazandınız.

O, bura gələndə postlarda vəziyyət acınacaqlıydı, yolumuz bərbad, şəraitimiz pis idi. Çünki hərbi hissə 2005-ci ildə yaranmışdı. Yəni Paşamız gələndə hərbi hissənin yaranmasından cəmi üç il keçmişdi. O gəldi və gördük ki, həqiqətən də çox yanımcıl, qayğıkeş, dərdimizə, problemimizə şərik olan insandır.

…Həmin ərəfələrdə mən kənddə ev tikirdim. Evim yarımçıq qalmışdı, üstünü vurmağa imkanım yox idi. Polad Həşimov hərbi hissəmizə komandir təyin olunduqdan bir ay-ay yarım sonra öz-özümə fikirləşdim ki, gedim, ona yaxınlaşım, bəlkə kömək edər mənə. Getdim kabinetinə. Onda komandirə yaxınlaşıb söz deməyə bir az da ürək eləmirdik, çünki yeni-yeni tanıyırdıq onu. Nə isə… Qapını döydüm. Mənə: “Gəl, Allahın dəlisi. Nə olub yenə?”, – dedi. Paşam mənə “Allahın dəlisi” deyə müraciət edirdi (gülür). Dedim ki, “mənə 1000 manat pul lazımdır”. Bir az duruxdu, soruşdu ki, “neyləyirsən 1000 manatı?”. Həmin dönəmlərdə rayonda sələmə girən, başqa neqativ işlərlə məşğul olan uşaqlar var idi. Elə bildi ki, mən də onlardanam. Onda mənim 24-25 yaşım var idi. Dedi ki, “cavan oğlansan, 5-10 manatın oldu, bəsindir, neyləyirsən 1000 manatı?”. Dedim ki, “ev tikirəm, üstü yarımçıq qalıb”. Ayağa durdu, əlində qələm var idi, qələmi tərsinə çevirib arxası ilə stola vurdu, dedi: “Dəli, mənim 35 yaşım var, amma başımı salmağa it damım (üzr istəyirəm – R.R) da yoxdur. Amma sən ev tikirsənsə, mən sənə pul tapıb verərəm”. “Axşam bizə gələrsən”, –  dedi.

Həmin vaxt o, ailəsi və uşaqları ilə birlikdə Xoşbulaq kəndində qalırdı. Axşam onlara gedəndə oğlu Davud qapını açıb, “ata, əsgər əmi gəlib”, – dedi. Məni çağırdı, həyətə girdim. Həyətdə bir stol var idi, oturub kartof qızartması yeyirdi. Dedi: “Dəli gəl, qayınanan səni çox istəyir, Allah verəndən bir tikə yeyək”. Tez inciyən adam idi, ona görə də nə deyirdi edirdik (gülümsünür). Sözünü yerə salmamağa çalışırdıq. Ona görə oturdum, bir tikə çörək yedik. Sonra gedib evdən min manat götürüb gəldi. Pulu verib dedi ki, “sabah sürdüyün maşını götür və əsgərlərdən ikisini də apar özünlə, sənə kömək eləsinlər”. Hərbi hissədə avarlar var idi, Balakəndən olan iki yaxşı, qocaq avar əsgər. Onları götürüb, Gəncəyə getdim. Sürdüyüm maşını demək olar ki, 3 gün mənə şəxsi maşınım kimi verdi və mən evin bütün materiallarını Gəncədən kəndimizə – Dəstəfora daşıdım. Allah Polad Həşimova qəni-qəni rəhmət eləsin, beləcə onun sayəsində evin üstünü  bağlaya bildim.

…Ayın axırı gəldi. Maaşlarımız köçdü. 500 manat götürüb, kabinetinə getdim. Dedi: “Gəl, dəli, nə olub yenə?”. Dedim ki, “yoldaş polkovnik, pulun 500 manatını gətirmişəm, 500-nü də gələn ay verəcəm”. Üzümə baxa-baxa güldü. Sonra dedi ki, “dəli, sən ev tikirsən. O pul da sənə böyük qardaşın kimi məndən hədiyyədir. Ananın südü kimi halalın olsun. Mən onu sənə borc verməmişəm. Sadəcə səni bir neçə nəfərdən də araşdırdım ki, görüm həqiqətən ev tikirsən, ya yox. Ev tikdiyin üçün o pul sənə halaldır. İmkanım olsaydı, sənə 3000 manat da verərdim. Ancaq görürsən ki, tikinti çoxdur”.

Həqiqətən də həmin vaxt o, hərbi hissəni düzəltdirir, postları tikdirir, yol açdırırdı. Maddi cəhətdən bütün bu işləri isə demək olar ki, öz hesabına görürdü. İşçilərin də çoxu ağsaqqal kişilər idi. Bütün traktorçuları əzizləyirdi, qılığına girirdi, onlara qayğı göstərirdi ki, heç nədən narazı qalmasınlar, inciyib-küsməsinlər… Beləcə postların yollarını açırdı.

Axırıncı “Gedər-gəlməz” postumuz var idi. Hərbi hissədən oraya 63 kilometr idi. Polad Həşimov o vaxt o posta belə yol açdırdı.

Bax, belə insan idi Polad Həşimov… Tabeliyində olan bütün hərbçilərə, əsgərlərə kömək edirdi. Bizə elə dəstək olurdu ki, onunla birgə getdiyimiz yerlərdən qorxmurduq. Bizə hər zaman ürək-dirək verirdi.

“Erməninin gülləsindən qorxmaq ayıbdır”…

Bir gün də… Düşmən postundan 500 metr uzaqlıqda yerləşən postumuz var idi. Üst tərəfdən Ağdağ deyilən yerdən Koroğlu postuna keçirdik. Orada hava yolu ilə düşmənlə bizim aramızda 550 metr yol var idi. O posta 8 KamAZ-la odun aparırdıq. Bəhman adlı qoca bir sürücümüz var idi. Əfqanıstanda xidmət etdiyi üçün rəhmətlik ona “Əfqanıstan banditi” deyirdi. Rəhmətlik Polad Həşimov bizi əzizləmək məqsədilə hərəmizə bir ad qoymuşdu. (Gülümsünür). Həmin dövrdə hərbi hissədə o qədər də sürücü yox idi, elə hərbçi də az idi. Cəmi 10-11 sürücü idik. Bəhman kişi qabaqda gedirdi. Biz ona zarafatla dedik ki, sən qabaqda get, görək səni vurmasalar, biz də keçərik. Qoca kişisən, neyləyirsən yaşayıb… (Gülür). Nə isə, getdik, yolda duman çəkildi. Gördük ki, düşmən orada işləyir, səngər düzəldir. Ona görə dayandıq, daha getmədik. Taborun maddi-texniki təminat üzrə komandir müavini var idi – Bəxtiyar. Ona zəng edib dedik ki, bəs təhlükəlidir deyə, irəli gedə bilmirik, hamımız yolda arxa-arxaya dayanıb-durmuşuq. Bir azdan Bəxtiyar da bizə zəng edib dedi ki, orda gözləyin, komandir gəlir. Biz də vəlvələyə düşdük ki, komandir gəlib, “pişiyimizi ağaca dırmaşdıracaq”. Nə isə, Polad Həşimov gəldi. Gələn kimi soruşdu ki, “o “Əfqanıstan banditi” hardadı? Bəhman kişini çağırıb dedi ki, gəl otur maşına. Özü də onun maşınına oturub,  kürəyini sağ şüşəyə söykədi. Zarafatla dedi: “Vursalar, birinci məni vuracaqlar, narahat olma, sənə güllə dəyməz, pis adam ölmür, sür”. Mənə də dedi ki, siz də hamınız arxamızca gəlin. Həmin vaxt düşmən başını qaldırıb, bizə bir güllə də atmadı. Biz oranı keçəndən sonra düşmən arxamızca atəş açmağa başladı. Onda da dedi ki, o güllə bizə neyləyəcək ki?.. Qorxmayın! Erməninin gülləsindən qorxmaq ayıbdır. Odunları boşaltdıq, şər qarışdı. Həmin yolu biz gecələr həmişə işıqsız gedib-gəlirdik. Beləcə axşam işıqları söndürüb, oradan tək-tək keçdik. Bax, belə qorxmaz insan idi Polad Həşimov. Çox qorxmaz…

Onun barəsində xatirələri danışmaqla qurtaran deyil. Vətənini və millətini təmənnasız sevən, çox xeyirxah, canıyanan insan idi. Çəkməsini ayağından çıxarıb ayaqqabısı cırıq olan əsgərinə verirdi. Bir də görürdük ki, komandir şəpitlə UAZ-a oturub, postdan qayıdır.

Bütün postları özü tikidirirdi, beton qarışdırırdı, fundament qazırdı, çertyoj çəkirdi. Hər bir işi özü görürdü. Daşkəsən zonasında onun əməyi çox böyükdür…

Düşməni şoka salan “traktor hadisəsi”…

…Danışacağım bu hadisə isə təxminən 2010-cu ilə təsadüf edir. O vaxt Polad Həşimov düşmənin nəzarəti altında olan ərazidə atılıb-qalmış traktorunu təkbaşına hərbi hissəmizə gətirmişdi.  Onda bizim cəmi iki traktorumuz var idi, onlarla işləri çatdıra bilmirdik. Bu da komandiri narahat edirdi. Sonradan P.Həşimova xəbər çatmışdı ki, düşmənin Murov tərəfdə bir traktoru var. O, bir müddət həmin ərazini izlədi, Zakir adlı traktorçu var idi, onunla gedib yoxladı ki, traktorun ətrafında mina var, ya yox. Əmin olanda ki, ərazidə mina yoxdur, günorta vaxtı dumanlı havada təkbaşına trosları bir-birinə bağlaya-bağlaya onu öz traktorumuzla çəkdirib gətirdi. Heç kəsi də özüylə aparmadı ki, nəsə olarsa, özünə olsun, heç kimə heç nə olmasın. Onda düşmənin heç ağlına da gəlməzdi ki, o cür nəhəng bir texnikanı kimsə ordan apara bilər. Və o traktor oradan götürüləndən sonra düşmən bəlkə də bir ay şokda qalıb. Traktoru bizim tərəfə keçirən zaman artıq duman çəkilmişdi və düşmən atəş açıb, texnikanın bir neçə yerini deşmişdi. Amma sonra komandir həmin traktoru düzəltdirərək, Cabir adlı traktorçuya verdi və biz yolların açılmasında ondan xeyli müddət istifadə etdik.

Polad postu təkbaşına necə ələ keçirdi…

Bizim ərazidə Yeddi qardaş adlanan dağ var. O dağ Göyçə, Kəlbəcər və Daşkəsəni ayırır. O dağların bir neçəsi ermənilərdəydi. Ağçınqıl adlanan istiqamətdə iki post isə bizdə idi. Yenə də 2010-cu il idi. P.Həşimov o postu nəzarətdə saxlayırdı. Görürdü ki, düşmən o posta gəlir, amma çox vaxt orada dayanmır. Gəlib peçə odun atır ki, tüstüləsin, sonra çıxıb gedir qonşu posta. Paşamız elə həmin ildə özü təkbaşına o posta gedərək bir nəfər insan itkisi olmadan, döyüşsüz-filan oranı ələ keçirdi. Özü ilə heç kimi də aparmadı ki, kiməsə nəsə olmasın. Və düşmən duyuq düşəndə atışma olsa da, artıq gec idi. Ermənilər ələ keçirdiyimiz həmin postdan 60-70 metr aşagıdakı postda idilər. Və rəhmətlik orada güclü mövqe qurdu, arxasınca da qüvvə getdi. Beləcə post tam olaraq nəzarətimizə keçdi. Adını da 93 postu adlandırdıq. Həmin ərazi Yeddi qardaşın 6-cı qardaşı idi. 7-ci qardaş yenə şərəfsizlərdə qaldı. Amma ən strateji postumuz idi ora. Çünki yüksəklikdə yerləşirdi və o post Kəlbəcər tərəfdən Lev, Çopurlu kəndlərini təmiz nəzarətə götürdü.

Sonradan Polad Həşimov buradan gedəndə digər komandirlər həmin posta Polad adını verdilər. Amma P.Həşimov o adı götüzdürdü. Dedi ki, “mən neyləmişəm, bir təpə almaqla adımı o posta niyə verirsiniz? 93 adlanıb, elə 93 də qalsın”.

Şükürlər olsun ki, indi o postların hər biri bizdədir. Və artıq o yerlər post deyil, bizim üçün yaylaq olacaq…

Hazırladı: Sevinc Paşayeva

  • Sevinc
    Yanvar 9, 2021 - 19:39

    Cox sag olun meqale dogrudan da bir nefese oxundu. Polad Heshimov sevgisi xalqin qelbinde daima yashayacaq. Bele bir insani bele bir generali itirdik… cox heyif… Kabinetlerde oturub insanlara yuxaridan ashagi baxanlar oxusunlar.. belke utanalar…

  • Sahil
    Yanvar 9, 2021 - 22:30

    Bu gün qürurla deyirik
    RUHUN ŞAD OLSUN CƏNAB GENERAL.
    Amin!

  • Gülnar
    Yanvar 10, 2021 - 00:47

    Ruhunuz şad olsun Cenab General, o qeder qurur duydum ki, bu xatireleri oxumaqla. Allah ailesini qorusun, anasına sebr versin, bele ogulu itkisine dozmek üçün güç quvvet versin.

    • Cahid
      Yanvar 11, 2021 - 03:31

      Allah rehmet elesin mende Daskesen de olmuwam kamandirim idi gozel ve urekli insan idi

  • Anar
    Fevral 9, 2021 - 14:46

    Allah rəhmət etsin.
    Ruhu şad olsun.
    Məkanı zatən cənnət!

Sahil üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*