Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. KONKRET.az saytında kitabda dərc olunan maraqlı hissələrini oxucularına təqdim edir:
***
Ancaq avtobus yerindən tərpənən kimi yadıma düşdü və avtobusdan düşmək qərarına gələrək, oturacaqların arasıyla sürücünün yanına qaçdım və qışqırdım: “Bağışlayın, özümü pis hiss edirəm. İcazə verin, düşüm!”
Əvvəli burada (https://konkret.az/tetcerin-beyendiyi-qacis-plani-ceffri-haunun-serencami-qatarda-sefil-gunune-dusen-polkovnik)
O, mənə şübhəylə baxdı – bu, sərhədyanı sakinlərin hamısına xasdır, – ancaq avtobusu saxladı və qapını açdı. Mən avtobusdan yerə atıldım, özümü elə göstərdim ki, guya ürəyim bulanır və avtobusdan aralandım – bunu sürücünün məni gözləmək fikrində olacağı hala görə etdim. Lakin o, bir saniyədən sonra mühərrikə qaz verdi və məni tək-tənha buraxaraq sürüb getdi.
Meşədə sükut hökm sürürdü. Hündür şam ağacları alçaqboylu qovaq və ağcaqayınlarla iç-içəydilər. Yolun kənarlarını və küveti iki metr boyunda ot-ələf basmışdı. Kolluqların arasında kiçik nohurlar parıldayırdı. İnanılmaz dərəcədə nəmişlik vardı və mən bir neçə saniyə hərəkətsiz dayandığım zaman üstümə ağcaqanad buludu çökdü. Mən qövs cızaraq qıvrılan yolla hərəkət etdim və tezliklə görüş yeri kimi qəbul etdiyim iri daşı aşkarladım. Saata baxdım: hələ cəmi-cümlətanı on bir idi, mənim dostlarım isə 14.30-da gəlməliydilər. Nə etməli? Burada üç saat yarım gözləməkmi? Məni əsəbi həyəcan çulğamışdı, ancaq eyni zamanda çaşqın və dilxor idim. Bir fikir mənə rahatlıq vermirdi: əgər DTK məni təqib edirsə və mənim hərəkət marşrutumu izləməyə çalışırsa, məni kim xatırlayıb tanıyacaq? Yəqin ki, qatardakı bələdçi qız və avtobus sürücüsü. Ən yaxşısı, gözdən itmək, kolluqda gizlənmək və şərtləşilmiş saatı gözləməkdir, ancaq ağcaqanadları xatırlayaraq, Vıborqa qədər getmək, orada bir şey yemək qərarına gəldim.
Yenidən şosseyə çıxdım, yaxşı danışığı olan, yırtıq-sökük pencək geymiş bir gülərüz oğlanla qarşılaşdım. Bu avara mənə Vaterloo vağzalındakı əyyaş dilənçiləri xatırlatdı. Mən ondan burada, meşədə nə etdiyini soruşmadım, ancaq o, xoşuma gəldi və mən heç olmasa bir az sakitləşmək üçün onunla söhbətə başladım. Bir müddət yanaşı yeridik, sonra eşitdim ki, arxamızca maşın gəlir. Onu saxlatdım, yol yoldaşımı şossedə tək qoyaraq maşına oturdum.
“Lada” markalı maşın yeniydi, yenicə “qayçıdan çıxmış” kimiydi, sürücünün tipi isə mənə maraqlı gəldi: gənc, açıq-aşkar uğur qazanmış kişiydi, ola bilər, DTK və ya DİN əməkdaşıydı. Mənim xoşbəxtliyimdən, o, azdanışan idi, üstəlik, radioqəbuledicinin səsini tam artırmışdı. Qərb pop-musiqisinin gurultulu səs-sədası altında danışmaq mümkün deyildi və bu, mənə əla sərf edirdi. Sürücü o qədər də qürurlu biri çıxmadı və mənim Vıborqun cənub kənarında maşından düşərkən ona uzatdığım üçlüyü götürdü.
Şəhər mənə simasız və rəngsiz göründü – hər tərəfdə “müvəqqəti” baraklar, görkəmsiz yaşayış binaları. Ancaq onların arasında plastik və şüşədən bir kafeteriya tapıldı – mənə məhz bu lazım idi. Mən yenə də toyuq, həmçinin iki şüşə pivə sifariş verdim – pivənin birini yemək zamanı içmək, o birini özümlə götürmək üçün.
Artıq yeməyi qurtarırdım ki, kafeyə dəbli pencək geymiş üç cavan adam daxil oldu. Öz ürkək halımda onları dərhal potensial qaçaqların axtarışı ilə məşğul olan DTK agentləri sandım. Uyğun qruplar sərhədyanı rayonlarda həmişə fəaliyyət göstərirdilər. Onlar masa arxasında əyləşdilər, heç nə sifariş etmədilər, eləcə ətrafa boylandılar. Tezliklə onların baxışları mənim üzərimə, açıq-aşkar yad birinə yönəldi.
Mən kafeni tərk etməyə tələsdim, heç yerə boylanmadan, cənuba, Leninqrad tərəfə getdim. Yalnız dörd yüz metr addımlayandan sonra özümə çiynim üstündən geri baxmağı rəva gördüm. Yol bomboş idi. Mən həm istidən, həm də həyəcandan tər tökə-tökə getdikcə gedirdim. Artıq gündüz saat bir idi. Mən gecikməkdən qorxurdum. İrəlidə hələ 20 kilometrə yaxın məsafə qət etməliydim. Yolda hərəkət tamamilə donmuşdu, sanki hamı yeməyə oturub və ya şənbə günü bekarçılığına dalıb. Nəhayət, artıq demək olar ki, çarəsiz qaldığım vaxt motor səsi eşitdim.
Sürücünün xoş, mehriban, cəlbedici, açıq rus üzü vardı.
– Ora nəyin xətrinə getməyə hazırlaşırsınız?
Mən ona düşəcəyim avtobus dayanacağının adını deyəndə o soruşdu. “Oranın bir kilometr ətrafında heç nə yoxdur.
– Siz sadəcə bilmirsiniz! — mən üzümə hiyləgər məna verərək etiraz etdim. — Orda, meşədə bir neçə bağ evi var və onların birində məni əziz bir qadın gözləyir.
– Bu, başqa məsələ! – o, şən halda dəstək verdi. – Oturun.
Mənim bu oğlana qanım qaynadı: gerçəkdən gözəl insan idi, sadə, sakit, sərhədin yaxın olmasından çəkinməyən biriydi. Özümdə ecazkar rahatlıq duyğusu hiss etdim. Birincisi, normal adamla ünsiyyətdəyəm. İkincisi, cədvələ riayət edirdim, yemək yemişdim, pivə içmişdim, hələ bir şüşə də vardı. O, məni avtobus dayanacağına çatdıranda ona dörd rubl pul uzatdım.
– Qardaşım, — o dedi, — bu, həddən artıq çoxdur. Üçlük gen-bol bəsdir.
Mən ona üç rubl verdim və vidalaşdım.
Nəm-nişanlı daşın ətrafındakı kolluğa qayıdarkən yenidən gərginləşdim; ağlıma gəldi ki, çantamda həddindən artıq çox əşya var. Ən azı bir əşya, məhz xəritə daha mənə heç cür lazım olmayacaq. Mən onu çantadan çıxardım və daşın altına atdım. Bir neçə saniyədən sonra dərk etdim ki, bu çox axmaq hərəkətdir: əgər DTK xəritəni tapsa, hər şey bərbad olacaq. Mən atlası götürdüm və yenidən çantaya qoydum.
Ağcaqanadlar məni incidirdi. Onlar vızıldaya-vızıldaya başıma dolanırdılar, mən onları əllərimlə şappıldadıb öldürürdüm və söyürdüm. Nəhayət, saat 2 civarında motor səsi eşitdim. Başımı hündür otların arasından qaldıraraq maşın görmək üçün çarəsiz ümidlə yola baxdım, avtomobil əvəzinə qadınları daşıyan, güman ki, onları hərbi bazaya aparan avtobus gördüm. Qadınlar yəqin ki, zabit arvadlarıydı. Onlar pəncərədən baxırdılar və anladığım qədəri ilə hündür otların arasında məni görə bilərdilər. Mən özümü çamırlı torpağa sərdim və avtobus keçib gedənə qədər o cür uzandım.
İkinci şüşədəki pivə ləzzət verdi və məni xeyli gümrahlaşdırdı, onun hər qurtumunun dadını çıxardım. Boş şüşəni bir kənara tolazladım və dərhal da DTK-nı dəlillə təchiz etdiyimi anladım. Axı şüşədə mənim barmaq izlərim vardı. Mən pivə qabını axtarmağa tələsdim, tapdım, palçığa bulaşdırdım və yalnız ondan sonra uzağa atdım.
Sehrli an çatdı və ötdü: 2.30; 2.35; 2.40. Saat 2.45-də mənim səbrim tükəndi. Qərara aldım ki, xilaskarlarımın qarşısına doğru hərəkət edim və onlar məni heç olmasa bir neçə saniyə tez götürsünlər. Ot-alaq cəngəlliyində çıxdım, dolanbaclı yolu kəsib keçdim, şosse ilə Leninqrad istiqmatində addımladım. Bir neçə metr irəliləyəndən sonra, Allaha şükür ki, ağlım başıma qayıtdı. Mən anladım ki, tam bir ağılsız akt törədirəm: yəqin ki, DTK mənim xilaskarlarımın “quyruğundadır”. Əgər onlar məni yolda görsələr, hər şey batar.
Müdhiş kabusdan oyanmış kimi geri cumdum, otların içində gizləndim, səsli şəkildə öz-özümə dedim: “Özünü ələ al!” Qərara aldım ki, nə qədər lazımdırsa, gözləyim. Əslinə qalsa, mənim seçimim yox idi.
Nəhayət, mən motor tırıltısı eşitdim. Yolqırağı cəngəllikdən boylandım və əks tərəfdə dayanmış iki maşın gördüm. Maşından iki kişi düşdü, onlardan biri mənim Moskvada qarşılaşdığım həmin əlaqəçi idi. Təəccübümə rəğmən, maşından iki qadın da endi.
Mənim buralardan dəlicəsinə getmək istəyim qarşısında bu adamlar mənə qeyri-adi dərəcədə ləng görünürdülər, həddən artıq asta-asta hərəkət edirdilər. Əslində isə onlar məndən az gərgin deyildilər, ancaq bu, onların durumunda başqa formada büruzə verirdi. Tanıdığım kişi mənə inamsızlıqla baxdı, görünür, o, gicgahında qanlı sıyrıqlar olan üzütüklü məxluqun onlara lazım olan həmin adam olduğuna şübhə edirdi. Ancaq bir neçə saniyədən sonra o, hər şeyi başa düşdü.
— Bunu ayrıca yerləşdirin, lütfən, — mən öz çəkmələrimi uzadaraq xahiş etdim. —Onlarda radioaktiv toz ola bilər.
Kişilərdən biri çəkmələri polietilen torbaya qoydu, ikinci maşının baqajını açdı və mənə ora girməyi təklif etdi. O, baqajın qapağını qapayanda mən bürkülü qaranlığa düşdüm. Maşın dərhal yerindən tərpəndi, stereosistemdə gur səslə pop-musiqi sədası eşidilirdi. Mən, ümumiyyətlə, buna dözə bilmirdim, ancaq britaniyalılar hesab edirdilər ki, bu cür ekstraordinalr durumda aydın ritmli gur musiqi məni sakitləşdirəcək.
Təlimatdan bilirdim ki, onlar məni sakitləşdirici həblə, bir qumquma soyuq su ilə, zərurət yarandıqda sidiyə getməyim üçün konteynerlə və alüminim adyal-ekranla təchiz edəcəklər. Sonuncu ona görə lazım idi ki, əgər sərhədçilərdən kimsə sərhəddə maşına infraqırmızı istilik detektoru tuşlasa, mən o örtüyü öz üzərimə çəkim. Ətrafa göz gəzdirdim və sadalanan əşyarların hamısını tapdım. Ləngitmədən həbi içdim, sonra pencəyimi çıxarmağa çalışdım, ancaq uzanıqlı halda, bir də darkeş yerdə bunu etmək asan deyildi.
Təxmin etdiyim kimi, onların ardınca xarici müşahidə maşını düşübmüş. Onlar yavaş-yavaş sürəti artırıblar və mənimlə şərtləşilmiş görüş yerinə bir neçə kilometr qalanda, zamanla götürsək, saniyə yarımlıq aralanaraq, dolanbac yola burulub, hündür kolların və mənim yaxınlığında gizləndiyim həmin iri daşın arxasında daldalanıblar. DTK-nın qrupu şosse ilə saatda 110 km sürətlə irəli şütüyüblər və növbəti DAM postuna çatıblar. Onlar orada iki maşının keçib-keçmədiyini soruşublar, mənfi cavab alanda məyus olublar. Nə baş verdiyini anlayana qədər bizim maşın ötüb keçib və DTK qrupu bu qənaətə gəlib ki, maşındakılar (iki kişi və iki qadın) təbiətin çağırışına boyun əyərək meşəyə dönüblərmiş.
Ardı var