Rusiya xarici raketlərin ölkə ərazisinin dərinliklərinə endirilməsini NATO-nun açıq hücumu kimi qiymətləndirəcək ki, bu da Moskvaya alyansın bazalarını kütləvi qırğın silahları ilə məhv etməyə və Kiyevi vurmağa imkan verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında yazıb.
“Alyansın raketlərinin bu şəkildə istifadəsi blok ölkələrinin Rusiyaya hücumu kimi qiymətləndirilə bilər. Bu halda Kiyevə və NATO-nun əsas qurğularına, harada olur-olsun, onlara qarşı kütləvi qırğın silahları ilə cavab vermək hüququ yaranır. Bu artıq III Dünya Müharibəsi”,- siyasətçi ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsini şərh edərkən qeyd edib.
Medvedev xatırladıb ki, Kreml nüvə silahının qarşısının alınması sahəsində Rusiya Federasiyasının Dövlət Siyasətinin Əsaslarının yeni variantını təsdiqləyib. O, həmçinin vurğulayıb ki, Rusiya lideri Vladimir Putin tələsik addımların nəticələri ilə bağlı Qərbə dəfələrlə xəbərdarlıq edib. “Bəlkə də qoca Bayden bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq, həqiqətən də qəşəng şəkildə ölmək qərarına gəlib”, – Medvedev yekunlaşdırıb.
Qeyd edək ki, Amerika mediası ABŞ prezidenti Co Baydenin ilk dəfə Kiyevə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verdiyi barədə məlumat yayıb. Ağ Ev əvvəlcə liderinin əmri ilə bağlı şayiələri şərh etməkdən imtina edib. Daha sonra Dövlət Departamenti Baydenin Kiyevə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verdiyini təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyevin Qərbin Rusiya Federasiyasına qarşı uzaqmənzilli raketlərdən istifadə etməsi münaqişənin mahiyyətini kökündən dəyişəcək və Moskvanın cavabı adekvat və hiss olunacaqdır./ajansaz