İran mediası paytaxtda hökumətin təşkil etdiyi mitinqdən yayımlanan fotolarla diqqət çəkib. Həmin görüntülərdə üzəri ABŞ bayraqları ilə örtülmüş və üzərində yüksək rütbəli amerikalı hərbi rəhbərlərin adları və şəkilləri olan tabut maketləri nümayiş etdirilib.
KONKRET.az xəbər verir ki, fotolara əsasən, tabutların üzərində adları qeyd olunan şəxslər arasında ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bred Kuper, ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corc, eləcə də Doqquzuncu Hərbi Hava Ordusunun (Mərkəzi HHQ) komandan müavini və CENTCOM-un hava komponenti üzrə komandan müavini general Kertis R. Bass da yer alıb.
Aksiyanın anti-Amerika şüarları ilə müşayiət olunduğu, iştirakçıların isə ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu və siyasətini tənqid edən plakatlar daşıdığı bildirilir.
Diqqətçəkən məqamlardan biri isə general Bred Kuperin adı ilə bağlıdır. O, cümə günü Omanda keçirilən və ABŞ ilə İran nümayəndələri arasında aparılan danışıqlarda Amerika nümayəndə heyətinin tərkibində iştirak edib. Bu fakt fonunda onun adının mitinqdə simvolik şəkildə hədəf kimi göstərilməsi siyasi mesaj kimi qiymətləndirilir.
Hələlik rəsmi Tehran bu görüntülərlə bağlı ayrıca açıqlama verməyib. Vaşinqtonun da məsələ ilə bağlı mövqeyi açıqlanmayıb. Hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin informasiya və simvolik müstəvidə də davam etdiyini göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az
