İran (guya) İslam Respublikasının Bakıdakı səfiri və Xameneinin ölkəmizdəki nümayəndəsi (də varmış demə, adı da Seyid Əli Əkbər Ocaq Nejat) şəhid generalımız Polad Həşimovun ailəsini ziyarət edib, ona özlərinin şəhid saydıqları general Qasım Süleymani medalını təqdim ediblər.
Qasım Süleymani İranda çox məşhur general idi, ABŞ-ın illər öncə hədəfinə düşmüşdü, hətta Rusiya ilə hərbi münasibətlərin ölkəsinin xeyrinə həll olunmasında onun apardığı danışıqların rolu vardı və ümumiyyətlə, İranın Yaxın Şərq siyasətinin siması idi. Adam ölkəsinin maraqlarını qoruyurdu və buna görə ən dəhşətli qətllərdən də çəkinmirdi.
İran rəsmilərinin mediaya sığan gizli danışıqlarında təsadüfən demirlər ki, Süleymaninin qətli bir neçə şəhərimizə dağıdıcı hücumdan daha ağır nəticələr doğurdu.
Yəni Qasım Süleymani Qərb üçün qatildir, ancaq bu qətlləri Tehran üçün tökdüyünə görə İranın qəhrəmanıdır və bu da normaldır.
Qasım Süleymaninin azərbaycanlıların yaddaşında həm də 1990-cı illərdə Qarabağda peyda olması, erməni terrorçularla görüşü və Qarabağın işğalında oynadığı rolla qalıb. Təbii ki, Süleymani Qarabağda ermənilərlə özbaşına görüşməyib, yenə də dövlətinin tapşırığını icra edib. Ancaq bütün hallarda rəsmi Tehrana da, onun Qarabağa ermənilər üçün göndərdiyinə də, Azərbaycan siyasətinə də … – münasibətimiz bəllidir.
Polad Həşimov isə öz Vətənini xarici müdaxilədən qoruyarkən şəhid olan generaldır. Polad Həşimov Süleymani kimi yad torpaqda ölməyib, adı terrorçu siyahısına da düşməyib, Azərbaycanın işğal siyasətinin vuran qolu olmayıb, Bakının maraqları üçün ölkədən xaricdə dinc əhaliyə qarşı qəddarlıq, hərbi-siyasi qətllər törətməyib və s. Yəni bunları öz ölkəsinin maraqları üçün edən Qasım Süleymani də əsgərdir, tapşırıq icra edib, ancaq missiyaları tamam fərqli olduğundan, Süleymani ilə Həşimovun bu və o dünyadakı yerləri tamamilə fərqlidir.
Bu baxımdan Qasım Süleymani medalının Polad Həşimovun ailəsinə təqdim edilməsinin heç bir mənəvi, hərbi, siyasi əsası yoxdur; bu, sadəcə, Qasım Süleymaninin öləndən sonra da İranın işğal siyasətində istismarından başqa bir zad deyil.
Polad Həşimovun anası bu medaldan imtina etdiklərini bildirdi, doğru da etdi, amma çox gec idi və ümumiyyətlə, bu qədər naşı imtina olmamalı idi!
Bu medalın səfirlik tərəfindən Polad Həşimovun ailəsinə veriləcəyi xeyli müddət öncə elan edilmişdi. Çünki Polad Həşimovun “bu medala layiq görüldüyü” bildirilmişdi. Məlumat yayılandan sonra Polad Həşimovun ailəsini bilgiləndirmək, ona Qasım Süleymaninin kim olduğunu və İranın bu “medalda” məqsədini izah etmək, mediadan xəbərsiz bir təşəkkür məktubu yazıb, medaldan imtina etmək daha diplomatik idi və bizə yaraşan da bu olardı.
Ancaq səfir və Xamenei nümayəndəsinin Polad Həşimovun ailəsini ziyarət etməsindən, medalı təntənəli təqdim etməsindən və bu barədə sosial şəbəkələrdə, o cümlədən İran mediasında (Azərbaycan mediası doğru olaraq bu “təltifetməni” işıqlandırmadı da) məlumat yaymasından sonra generalımızın anasına məsələnin mahiyyətini izah edib, onun haqlı imtinasını almaq gecikmiş olmaqla bərabər, İranın son günlər Qarabağdakı ermənipərəst oyunlarına sanki cavab təsiri bağışlayır və bizim “cavabımızı” Həşimovun anasının sözlərinə bağladığımız kimi qətiyyən arzu olunmayan bir təəssürat yaradır.
Biz cavabı başqa cür verməliyik!
Əlbəttə, İran səfirinin 28 apreldə – Azərbaycanın işğal tarixində Polad Həşimovun evinə gedib, Süleymani mükafatı verməsini də təsadüfün ayağına geydirmək olar, ancaq aradan cəmi 3 gün keçəndən sonra Qarabağı işğal edən separatçılara humanitar yardım adı ilə neft və neft məhsulları da daxil olmaqla, tonlarla yük daşımaq qəti “təsadüf” deyil!
İranın müsəlman, islam dövlətçiliyinə qəti aidiyyəti yoxdur – yoxsa məscidlərdə donuz saxlayan, şiə-müsəlmanları qətlə yetirən erməniləri ayaqda saxlayan əsas dövlət olmazdı; İranın öz tarixinə hörməti yoxdur – olsa, 1918-19-ci illərdə Sulduzdan Urmiyaya qədər, böyük qətliamlar törədən ermənilərə qarşı heç olmasa faktları lazım gələndə açıb ortaya qoyardı.
İran üçün yalnız bugünkü maraqları, işğal siyasəti var və bu işğal siyasəti də şiə-müsəlman “qardaşlarımızı” Qarabağda şeytanın ta kəndisi ilə sövdıləşmə aparmağa sürükləyir.
O ayrı məsələdir ki, İran bu humanitar yardımı göstərirsə, İranın Azərbaycandakı səfirliyi bununla bağlı rəsmi açıqlama yaymalı, Xankəndinin kimə aid olduğunu göstərməli, Azərbaycanın ərazi bütövlüyünə hörmətini ortaya qoymalıdır; o ayrı məsələdir ki, bütün diplomatik qaydaları pozaraq, Qarabağ ermənilərinə Bakıdan iznsiz yardım apardığı üçün Azərbaycan XİN İran səfirini çağırıb, hərtərəfli başa salmalıdır; o ayrı məsələdir ki, rus sülhməramlıları Qarabağdakı məsuliyyət zonalarına MDB ölkələrindən başqa digər ölkələrin vətəndaşlarını və nümayəndələrini buraxmırlar, ancaq İran TIR-ları necəsə Laçın dəhlizindən sızıb gəlib Xankəndiyə çıxır…
Bunlar aydındır, İranın Qarabağda konflikti arxivdən çıxarıb, sərgiyə qoymaq və Azərbaycanı zəif görmək arzusu, Türkiyənin Qafqazlara girişinin qarşısını almaq çabaları kimsəyə sirr deyil.
Aydın olmayan generalımıza medalla Qarabağ ermənilərinə “humanitar yük” adı ilə bəlkə də hərbi yük çatdırılması zamanının üst-üstə düşməsidir, buna cavab vermək istəməməyimiz, İran səfirinin bu olayı şərh etməkdən yayınması, Xankəndiyə Tehranın “ayrı gözlə” baxmasına görə gözünün ovulmamasıdır.
ABŞ-la nüvə danışıqlarında irəliləyiş və sanksiyaların ləğv olunacağı ehtimalı gündəmə düz-əməlli gəlməmiş İran artıq bölgə siyasətində aqressivliyini artırır…/kult.az/