Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Novruz Bayramı ərəfəsində Su çərşənbəsi, Beynəlxalq Poeziya və Ümumdünya Su Resursları Gününə həsr olunmuş “Su Aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib.
KONKRET.az xəbər verir ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, xalq şairi Vahid Əziz, Mətbuat Şurasının idarə heyətinin üzvü, professor Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışı nitqini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev söyləyərək, qonaqları salamlayıb. Daha sonra sədr müavini Cabbar Cabbarlı su təsərrüfatı haqqında və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə bağlı məlumat verib.
Tədbirin rəsmi çıxış hissəsi yekunlaşdıqdan sonra qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin SCADA otağında Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramovun müşayiəti ilə kompleksdə suyun ümumi idarəedilmə mexanizmi ilə tanış olublar. Daha sonra idarəetmə sistemi ilə bağlı media qurumlarının suallarını Suyun təhlükəsizliyi və ekologiya şöbəsinin müdiri Cəmil Babayev və İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov cavablandırıb.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə daha yaxından və əyani şəkildə tanış olmaq üçün qonaqlar və media nüməyəndələri Kompleksin ərazisində gəzintiyə çıxıblar. Burada mövcud olan su təmziləyici qurğular nümayiş etdirilərək hər biri haqqında ayrılıqda məlumat verilib. Ceyranbatan Su Təchizatı İdarəsinin aparıcı mühəndisləri ilə media təmsilçilərinin fikir mübadiləsi aparılıb.





