İranın ruhani lideri Əli Xamnei Nikol Paşinyanla görüşündə bəyan edib ki, Tehran Zəngəzur marşrutu Ermənistanın ziyanınadır. Beləliklə, Xamnei öz mövqeyində qaldığını nümayiş etdirib. ABŞ-dan isə tamamilə fərqli bir açıqlama verildi. Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn qeyd edib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, “Hayatsk” analitik mərkəzinin eksperti Anna Karapetyan bildirib ki, kommunikasiyaların açılması kollektiv Qərbin marağındadır və Rusiyanın bu kommunikasiyalara təsiri olmamalıdır.
“Rusiya kommunikasiyaların açılmasında maraqlıdır, lakin onun təsiri və ya nəzarəti altında olacaqmı? Artqı bu, başqa mövzudur. İrana gəlincə, rəsmi Tehran Ermənistan-İran sərhədində təhlükənin yaranmasını istəmir. Türkiyə və Azərbaycanın mövqeyi mütləq aydındır, çünki tərəflərin nəinki imzaladıqları, hətta ratifikasiya etdikləri, faktiki olaraq onların qanunvericiliyinin tərkib hissəsinə çevrilmiş məşhur Şuşa bəyannaməsini hamımız çox yaxşı xatırlayırıq və Zəngəzur dəhlizi ifadəsi bəyannamənin içində sabitlənmişdir. Azərbaycan və Türkiyə o yola nəzarət etmək istəyir ki, Ermənistanın ona nəzarət etmək imkanı olmasın.
Türkiyə və Azərbaycan başa düşür ki, dəhlizin müəyyən hissəsi Ermənistan ərazisindən keçəcək, zaman keçdikcə azərbaycanlışdırılacaq. Bu, onların “Qərbi Azərbaycan” məntiqinə çox uyğun gəlir. Ermənistana gəldikdə isə, görünür, Ermənistan hakimiyyəti “Sülh yollarının kəsişməsi” təklifi altında öz baxışlarını formalaşdırmağa çalışıb. Hakimiyyət çox yaxşı başa düşür ki, bu, real deyil. Həmin təşəbbüsün əsas məqsədi bir tərəfdən xoşməramlılıq və konstruktivlik nümayiş etdirməkdir ki, onlar da kommunikasiyaların açılmasında maraqlıdırlar, lakin Ermənistan həmin ərazi üzərində öz suverenliyini qoruyub saxlamalıdır. Əks təqdirdə bu təşəbbüs açıq şəkildə dövlətin maraqlarına xidmət etmir. Biz Qərbdən dəfələrlə bu təşəbbüsü dəstəkləyən müəyyən bəyanatlar eşidirik, çünki o, 10 noyabr məntiqinə deyil, Rusiyanın təsirindən, nəzarətindən söhbət getməyən yeni məntiqə əsaslanır. Bu, o deməkdir ki, həmin təşəbbüs Qərbin maraqlarına xidmət edir və beləliklə, həmin kommunikasiyaların açılması Rusiyanı bu razılaşmalardan kənara çıxarır”.
Erməni siyasətçi daha sonra deyib: “Təsadüfi deyil ki, Qərb Ermənistana müəyyən alternativlər təklif etməyə çalışır və eyni məntiqlə, məsələn, Ermənistanda Amerika modeli üzrə atom elektrik stansiyalarının tikilməsi ilə bağlı müzakirələr gedir.
İqtisadi alternativlərdən danışırlar, bir sıra islahatlar həyata keçirməyə, Avropaya ixracı təşviq etməyə və s. çalışırlar, amma burada da hamı çox yaxşı başa düşür ki, söhbət tez dəyişməkdən getmir. Cəsarətli addımların məntiqi ilə onlar Ermənistanın xarici siyasi vektorunun kəskin dəyişməsini anlayır, bunun Ermənistan üçün ciddi təhlükələr və çağırışlar yaradacağını çox gözəl başa düşürlər, çünki birincisi, belə alternativlər yoxdur, ikincisi, hər zaman müharibə təhlükəsi var.
Qərbdən heç kim Ermənistana heç bir təhlükəsizlik zəmanəti vəd etmir, hamı deyir ki, Avropa təhlükəsizlik məsələsi deyil, onlar zəmanət verə bilməzlər, məsələn, çadır almaq üçün bir qədər pul verə bilərlər, amma buna hərbi sahədə əməkdaşlıq deyirlər və piar kimi kampaniya aparırlar. Ona görə də Qərbin gündəmi və istəkləri kifayət qədər aydındır, bunun Ermənistan və erməni xalqı üçün hansı nəticələrinin olacağı başqa məsələdir”.
Ekspertin fikrincə, Ermənistan hakimiyyətinin güzəştli siyasəti nəticəsində Azərbaycan daim yeni tələblər formalaşdırır. “Azərbaycan əmin edib ki, yeni tələblər irəli sürmək, öz ətrafında vasitəçiləri birləşdirmək, Ermənistanı heç bir şəkildə cəzalandırılmadan güzəştə getməyə, müharibə ilə hədələmək, Ermənistan hakimiyyətini yeni güzəştlərə məcbur etmək mümkündür.
Hamı başa düşür ki, bu siyasətin sonu yoxdur, Azərbaycan daim yeni gündəm formalaşdıracaq, yeni tələblər irəli sürəcək, çünki tarixi fürsət əldə edib.
Azərbaycan başa düşür ki, bu gün hər şeyi əldə etmək mümkündür, ona görə də bunu etməyə çalışacaq. Tələblərinin əsas məqsədi bugünkü vəziyyəti dönməz hala gətirməkdir, yəni Ermənistan hakimiyyətindən heç vaxt arzulamadıqları, lakin Ermənistanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyindən ehtiyatlanan bir sıra güzəştlər ala biliblər və yeni hökumət güzəşt siyasətini davam etdirməkdən imtina edə bilər. Ona görə də nə qədər ki, Paşinyan hakimiyyətdədir, elə etmək lazımdır ki, bu gün reallıqlar geri dönməz olsun”.
Natiq Səlim,
KONKRET.az