Marketlərdə İndoneziya və Malayziyanın palma yağı – TƏHLÜKƏ!backend

Marketlərdə İndoneziya və Malayziyanın palma yağı - TƏHLÜKƏ!

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana ümumilikdə 42 min 465,69 ton palma yağı və onun fraksiyaları idxal olunub. İdxalın ümumi dəyəri 58 milyon 428,65 min dollar təşkil edib. Hesabat dövründə ölkəyə 41 min 026,5 ton xam palma yağı və onun fraksiyaları gətirilib. Bunun 35 min 768,77 tonu İndoneziyadan, 5 min 257,73 tonu isə Malayziyadan idxal olunub.

Bundan başqa, digər palma yağı və onun fraksiyaları üzrə idxal 1 439,19 ton təşkil edib. Bu məhsulların 746,94 tonu Rusiyadan (1 milyon 182,94 min dollar), 589,53 tonu İndoneziyadan (791,73 min dollar), 90,72 tonu Malayziyadan (208,67 min dollar), 10 tonu Ukraynadan (20,3 min dollar), 2 tonu isə Türkiyədən (4,75 min dollar) gətirilib.

Göstəricilərdən də göründüyü kimi, 2025-ci ilin ilk 10 ayında idxal olunan palma yağının bir kiloqramının orta qiyməti təxminən 1,38 dollar (təxminən 2,35 manat) olub. Bu isə ucuz qiymətə idxal edilən məhsulun ölkə daxilində hansı formada və hansı qiymətlə istehlakçıya təqdim olunması ilə bağlı ciddi suallar yaradır.

Palma yağının zərəri nədən ibarətdir? Onun istifadəsi hansı hallarda mümkündür və İndoneziya ilə Malayziyadan idxal olunan palma yağına nə dərəcədə güvənmək olar?

Musavat.com-a açıqlamasında istehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov bildirib ki, palma yağı ətrafında MDB ölkələrində məqsədli şəkildə mənfi rəy formalaşdırılır. Onun sözlərinə görə, bu yağ istehsal baxımından ucuz olduğu və əsasən Malayziya ilə İndoneziya kimi müsəlman ölkələrində istehsal edildiyi üçün MDB bazarına daxil olmasının qarşısını almağa çalışırlar.

Eyyub Hüseynov qeyd edib ki, palma yağının iki əsas növü mövcuddur: biri qida üçün istifadə olunan, meyvənin dənəsindən alınan yağ, digəri isə sənaye məqsədli məhsuldur. Onun sözlərinə görə, qida üçün nəzərdə tutulan palma yağı Avropa ölkələrində geniş istifadə olunur və bəzi ölkələrdə, o cümlədən İsveçrədə uşaq qidalarının tərkibinə də daxil edilir.

Hüseynov vurğulayıb ki, Azərbaycana idxal edilən palma yağları Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçir və standartlara cavab verir. Onun fikrincə, əsas problem qadağa məsələsi deyil, məhsulların düzgün etiketlənməməsidir. Belə ki, bəzi yağ məhsullarının üzərində tərkib açıq göstərilmir, palma yağı “bitki yağı” adı altında təqdim olunur.

İstehlakçı hüquqlarının müdafiəçisi bildirib ki, bu məsələ ilə bağlı AQTA rəhbərliyinə rəsmi müraciət edib və yağların tərkibində hansı bitki yağlarının istifadə olunduğunun açıq şəkildə yazılmasını təklif edib. Onun qənaətincə, palma yağına qadağa qoyulması düzgün deyil, əsas şərt istehlakçının düzgün məlumatlandırılmasıdır.

Tanınmış tibb işçisi Fuad İslamzadənin də mövzu ilə bağlı açıqlaması diqqət çəkir:

“2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 42 min tondan artıq palma yağı idxal edilib. Son iki ayda da idxalın eyni templə davam etdiyini nəzərə alsaq, sadə hesablamaya görə, ildə 50 min tondan artıq palma yağının Azərbaycan əhalisi tərəfindən istehlak edildiyi məlum olur”.

Fuad İslamzadənin sözlərinə görə, bu göstərici hər bir Azərbaycan vətəndaşına il ərzində orta hesabla 5 kiloqramdan artıq palma yağı düşməsi deməkdir. Halbuki, pərakəndə satış şəbəkələrində satılan yağ məhsullarının heç birinin üzərində palma yağının adı açıq şəkildə göstərilmir.

O bildirib ki, bu qədər palma yağı əhaliyə əsasən bir kiloqramı 15 manatdan 40 manata qədər satılan qablaşdırılmış yağların, qeyri-adi dərəcədə baha qiymətə təqdim olunan süd və süd məhsullarının, eləcə də biskvit və digər şirniyyat məmulatlarının tərkibində “yedizdirilir”.

Fuad İslamzadə vurğulayıb ki, palma yağı insan orqanizmi üçün ən ziyanlı yağlardan biridir və bu məhsulun hər kiloqramı Azərbaycana cəmi 1,38 dollara başa gəldiyi halda, vətəndaşlar onu qat-qat baha qiymətə almağa məcbur qalırlar.

Onun fikrincə, nəticədə əhali tərkibində palma yağı olan məhsulları real dəyərindən dəfələrlə artıq qiymətə alır və bununla yanaşı, sağlamlıqlarına da ciddi zərər vurmuş olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*