Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpasının detallarını müzakirə etməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi layihəyə kimin və nə qədər investisiya yatıracağı kimi məsələləri müzakirə etməyə hazır olduğuna dair siqnal verib.
Mirzoyan bildirib ki, layihənin həyata keçirilməsi şərtlərindən çox şey asılı olacaq və məsələ hələ aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevralında 30 il müddətinə, daha 10 il uzadılma imkanı ilə Cənubi Qafqaz Dəmir Yolunun konsessiya idarəçiliyinə verilib.
Ermənistanda Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrinin bərpası planları fonunda Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi gündəmə gəlib. May ayında Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu sahələri öz hesabına bərpa etməyə hazır olduğunu bildirib.\\oxu.az
