Müsəlman dövlətlərinin böyüyən problemi – Niyə həmrəy ola bilmirlər?backend

Müsəlman dövlətlərinin böyüyən problemi - Niyə həmrəy ola bilmirlər?

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammiti keçirilib. Əvvəlcə Ərəb Dövlətləri Liqası Şurasının fövqəladə iclasının və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitinin ayrıca keçiriləcəyi güman edilirdi, lakin sonra onların birləşdirilməsinə qərar verilib. Əslində sözdə hər şey qulağa çox yatımlı səslənir: “İslam ölkələri”, “birlik” və s.

Lakin reallığa nəzər salanda təəssüf ki, bu birlikdən ürəklə danışmaq mümkün deyil. Bunun üçün elə son proseslərə nəzər salmaq kifayətdir. Adicə sammitin gedişi göstərdi ki, ərəb ölkələri prosesdə Türkiyə və İranın fəal iştirakından narahatdırlar. Məhz böyük ehtimalla bu prinsipdən çıxış edən əksər ərəb ölkələri İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində təşəbbüsün bu ölkələrin əlinə keçəcəyindən narahat olaraq Türkiyə və İranı aparıcı aktor mövqeyindən kənarlaşdırmaq yolunu tutdular.

Bu məsələyə öz maraqlarından yanaşan İslam ölkələrinin mövcudluğu proseslərin sonrakı inkişafında həlledici amilə çevrilir. Bir sıra ərəb ölkələri ümumislam maraqlarından deyil, yalnız öz maraqlarından çıxış etməyə üstünlük verməsi İslam ölkələrinin birliyinə, onun maraqlarına ən böyük zərbələrdən biridir.

Baxmayaraq ki, İƏT təsadüf nəticəsində yaranmamışdır, əksinə, bütün dünya müsəlmanlarının böyük səy və əzmkarlıq, obyektiv mövcud olan tarixi, sosial-ideoloji, iqtisadi, mədəni siyasi şərait nəticəsində formalaşıb. Lakin İslam dünyasında birliyin istənilən səviyyədə olmaması özünü açıq şəkildə büruzə verib və bu gün də bu kimi “nümunələr” nəzərə çarpır.

Bu da özündə çox pis bir tendensiyasnı əks etdirir: Müasir beynəlxalq sistemdə İslam yeganə dindir ki, bu dinin adı ilə bağlı ortaq siyasi əməkdaşlıq təşkilatı var. Lakin İslam dünyasında hansısa real əməkdaşlıqdan danışmaq mümkün deyil. İslam əməkdaşlığı və Ərəb qardaşlığı formatları demək olar ki, fiaskoya uğrayıb.

Təbii ki, məsələ təkcə, Qəzza ilə bağlı addım ata bilməməkdə deyil. Ötən 10 ildə İslam dünyasında Ərəb Baharı ilə başlayan proseslərin, hansı hadisələrlə yekunlaşdığını, nələrə səbəb olduğunu hamımız gördük. Suriya, Yəmən, İraq, Liviyada dəhşətli hadisələr yaşandı, milyonlarla insan qətlə yetirildi, təbii sərvətləri talandı. Baş verənlərin əsas səbəbkarlarını kənarda axtarmaq sadəlövhlük olar.

Ötən illərdə region ölkələri tərəfindən İslam dini yetərincə geosiyasi məqsədlər üçün istismar edildi. Ötən 10 ildə din məfhumu Yaxın Şərqdə birləşdirici yox, ayırıcı, bölücü funksiya yerinə yetirdi desək yanılmarıq. Belə olan təqdirdə xarici düşmənlərə qarşı ortaq hərəkat yaratmaları da mümkünsüzdür.

Ən məyusedici məqam ondan ibarətdir və reallıqdır ki, bu gün Səudiyyə, Türkiyə, İran, Misir kimi ölkələr bir-birinə güvənmir, bir-birinin büdrəməsini özü üçün fürsət hesab edir. 57 müsəlman ölkəsinin bir araya gəldiyi bu Sammitin nəticəsi düşünməyə əsas verdi ki, İslam ölkələri daha funksional bir formata keçməlidir. Hazırki mənzərə həm İslam dünyasındakı ümidsizliyi artırır, həm də xarici qüvvələrin regiona daha sərt müdaxiləsinə zəmin yaradır.

Təəssüflər olsun ki, İslam dövlətlərindən zamanında lazımı dəstəyi görməyən dövlətlərdən biri Azərbaycan olub. Bu məsələdə çox uzağa hetməyə ehtiyac yoxdur. Sadəcə 44 günlük müharibədəki tarixi Zəfər və ondan sonrakı hadisələrə göz gəzdirdikdə hər şey bütün çılpaqlığı ilə qənşərə çıxmış olur. Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq öz doğma yurd-yuvasına erməni tapdağından azad etdiyi üçün buna ən çox sevinəcək dövlətlərdən biri İran İslam Respublikası olmalı halda, biz həmən ərəfədə rəsmi Tehranı tamamilə fərqli aspektdən izlədik.

Ermənipərəst Qərb dairələrinin Azərbaycana təzyiqləri silsilə hal aldığı bir vaxtda hətta radikallar da Azərbaycanı hədələdi.Halbuki Azərbaycan tamamilə beynəlxalq hüququn qanunlarına uyğun şəkildə davrandı, BMT Nİzamnaməsi ilə nəzərdə tutulduğu şəkildə 3 onillik sonra məhz öz Ordusunun gücü hesabına haqqını, ədaləti bərpa etdi.

İşğal dövründə İslam Respublikası İranın fəaliyyətinin sözçülükdən o yana keçməməsi hər kəsə gün kimi aydındır. O illər ərzində İran islam, din qardaşı Azərbaycanın başına gətirilən fəlakətlər, soyqrımlara kənardan seyirci mövqeyinda dayanması ilə seçildi. 20%-dən çox ərazisi Ermənistan tərəfindən işğal edilən, 1 milyon qaçqın, məcburi-köçkünü olan, on minlərlə günahsız insanı qətlə yetirilən Azərbaycana İslam qardaşından lazımi dəstək gəlmədi. İran yalnız həmən dövrdə böyük bəyanatlar verdi, amma heç nə etmədi.

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin bu yaxında Qarabağdan köçən ermənilərin müqəddəratını təyin etmək hüququndan bəhs etməsi bir daha rəsmi Tehranın Bakı ilə münasibətlərdə hələ də destruktivliyindən əl çəkmədiyini nümayiş etdirir. Azərbaycanla İran arasındakı münasibətlərdə buzların əridiyi bir vaxtda, hərtərəfli münasibətlərin yenidən normallaşması, inkişafı günadəmdə olduğu bir məqamda Tehranın İrəvandan səsləndirdiyi bəyanat delə düşünməyə əsas verir.

Aydın məsələdir ki, Sübhaninin bu açıqlaması onu yox, məhz İran islam Respublikasının mövqeyidir. Əslində Sürpriz bir mövqe olmasa da, səfirin bu açıqlaması İranın əsl niyyətini növbəti dəfə ortaya qoymuş olur. İstisna edilmir ki, Tehran Qarabağ ermənilərinə hüquq tələb etməklə onları yenidən “azadlıq”, “status” məsələləri ətrafında cəmləşdirib bölgədəki sükutu pozmaq niyyəti güdür. Bu istək də İranın xarici siyasətindəki radikal tarazlığı saxlamaq üçün proksi qüvvələr formalaşdırmağa davam etdiyinin, xislətindən əl çəkmək fikrində olmadığının ən bariz nümunəsidir.

Əslində Cənub qonşumuzun mövqeyində dəyişən heç nə yoxdur. Bir tək oyun üslubunda korrektə edən rəsmi Tehran, belə görünürü ki, bu cür manevrlərlə Bakını aldatmağın öhdəsindən gələcəyinə ümid edir.

Mənbə:Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*