Ukraynalı müğənni Olya Polyakova ölkədə səfərbərlik tədbirləri çərçivəsində hərbi komissarlıqların (TCK) əməkdaşlarının fəaliyyətini sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, müğənni zorla saxlanılma görüntülərinin çoxalmasının cəmiyyətdə qorxu mühiti yaratdığını və “ikili əxlaq” formalaşdırdığını bildirib.
“Tezliklə hamımız qorxmuş, təşviş içində, yuvalarında gizlənən siçanlar kimi olacağıq”, — Polyakova deyib.
Onun sözlərinə görə, insanlar artıq nəyin məqbul, nəyin yolverilməz olduğunu ayırd etməkdə çətinlik çəkirlər. O, cəmiyyətin bu cür hallara bəzən laqeyd münasibət göstərdiyini də vurğulayıb.
“Ukrayna artıq azad ölkə deyil. Biz illərlə azad olmaq uğrunda mübarizə aparmışıq. Bəs indi nə qədər azadıq?” — müğənni bildirib.
Polyakova həmçinin qeyd edib ki, zorakı saxlanılmalarla bağlı yayılan çoxsaylı videolar insanların dövlət qurumlarına münasibətinə və cəmiyyətdəki ümumi psixoloji vəziyyətə mənfi təsir göstərir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
