PA sektor müdiri: Bu gün biz Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlığın daha bir əsasını qoyuruqbackend

PA sektor müdiri: Bu gün biz Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlığın daha bir əsasını qoyuruq

“Qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında medianın rolunun nədən ibarət olduğu hamımıza bəllidir. Bu forum təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaradır. Əminəm ki, bu tədbir ölkələrimiz arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişaf etməsi və möhkəmlənməsində katalizator rolunu oynayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib.

Kamran Həsənov bildirib ki, Azərbaycan və Özbəkistanı ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir: “Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib. Bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevin və Şövkət Mirziyoyevin mahir siyasəti, şəxsi dostluqları və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da genişlənib. İki ölkə arasında münasibətlər artıq yeni səviyyəyə çatıb – bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir. Bildiyiniz kimi, bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı “Müttəfiqlik münasibətləri haqqında” Müqavilə imzalanıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik əlaqələri var və bu ölkələrdən biri məhz Özbəkistandır. Hesab edirəm ki, bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir”.

Sektor müdiri qeyd edib ki, müasir dünyada müttəfiqlik əlaqələri təkcə siyasət, iqtisadiyyat, hərbi deyil, həm də informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi deməkdir: “Bu gün media və kommunikasiya sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas və mühüm komponentdir. Bu gün biz qlobal informasiya inqilabı ilə əlaqədar beynəlxalq münasibətlərdə böyük dəyişikliklərin şahidi oluruq. Bu isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Buna görə də təcrübə və uğurlu modellərin mübadiləsi yeni bacarıq və yanaşmaların öyrənilməsi üçün çox vacibdir. Bu cür biliklər daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşmasının əsasını təşkil edir və hazırkı aktiv dezinformasiya dövründə son dərəcə vacibdir”.

Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dünyada onunla manipulyasiya ictimai asayişin, sabitliyin pozulmasına, dövlət qurumlarına inamın sarsılmasına gətirib çıxara bilər. Sektor müdiri əlavə edib ki, sosial şəbəkələr reallıq haqqında yanlış təsəvvür yaradan, vətəndaş cəmiyyətinin əsaslarını sarsıdan yalan məlumatların yayılması üçün platformaya çevrilir.

Onun sözlərinə görə, yalan məlumatların sayı son illər on dəfələrlə artıb: “Təsadüfi deyil ki, bu gün dezinformasiya əsas qlobal təhlükələrdən sayılır. Etibarsız məlumatların sayı o qədər sürətlə artır ki, ənənəvi dəqiqləşdirmə üsulları artıq bu axınla ayaqlaşa bilmir. Süni intellekt texnologiyalarının inkişafı isə vəziyyəti daha da çətinləşdirir”.

Kamran Həsənov hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün dövlət və vətəndaş cəmiyyətinin konsolidasiyası tələb olunur: “Media savadlılığının artırılması, tənqidi təfəkkürün gücləndirilməsi və faktların yoxlanılmasına dair vahid sisteminin yaradılması üçün kompleks tədbirlərə ehtiyac var”.

PA rəsmisi bildirib ki, bu prosesdə əsas rolu media, peşəkar jurnalistlər, mətbuat nümayəndələri oynamalıdır: “Dezinformasiya və saxta xəbərlərin qarşısında həqiqətin müdafiəsində və media savadlılığının təşviqində mühüm rol oynayan peşəkar jurnalistika dayan bilər”.

Kamran Həsənov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında anlaşma memorandumu imzalanması ilə qoyulub: “2023-cü ildə isə Özbəkistan Prezidentinin Bakıya dövlət səfəri çərçivəsində bu əməkdaşlığın inkişafı üçün “Yol xəritəsi” imzalanıb.

Mən çox şadam ki, rəsmi strukturlar arasında bu əməkdaşlıq mediamız və jurnalistlərimiz tərəfindən kifayət qədər uğurla həyata keçirilib. İki il ərzində biz Bakıda qardaş Özbəkistanın bir neçə nümayəndə heyətini və jurnalist qruplarını qəbul etmişik, onlar təcrübə mübadiləsi çərçivəsində aparıcı media orqanlarına baş çəkiblər.

Bu gün isə Media Forumla iştirakla yanaşı, Azərbaycan mediasının nümayəndələri, nazirlik və dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə edəcəklər. Biz də özbək həmkarlarımızın tezliklə Bakıya səfərini gözləyirik və ümid edirik ki, bu təcrübə mübadiləsi həmkarlarımızın bir-biri ilə daha sıx əlaqələr yaratmasına imkan verəcək.

Bu kontekstdə əminəm ki, bu gün biz ölkələrimizin kütləvi informasiya vasitələri arasında informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlığın daha bir əsasını qoyuruq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*