1991-ci ildə suverenliyini elan edən Ermənistan indiyədək müstəqil siyasət aparmayıb. 34 ildir Rusiyanın forpostu rolunda çıxış edən Ermənistan, son illərdə Qərbə meyllənərək Rusiya boyunduruğundan xilas olmağa çalışır. Elə bunun nəticəsidir ki, Rusiya hərbçiləri İran və Türkiyə sərhədlərindən çıxarılıb. Bu proses əslində ötən ildən başlayıb. 2024-cü ilin avqustunda Rusiya sərhədçiləri əvvəlcə “Zvartnos” hava limanından uzaqlaşdırılıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, İrəvanın bu addımı Ermənistanın müstəqil, suveren ölkə olması yolunda strateji plandır:
“Bu plan Azərbaycan-Ermənistan sərhədlərindən başladı. Tədricən Azərbaycan-Ermənistan sərhədindən uzaqlaşdırılan Rusiya sərhəd qoşunları bəlliydi ki, İran və Türkiyə sərhədlərindən də kənarlaşdırılacaq. Çünki müstəqil dövlət öz sərhədlərini qorumursa və bu ölkənin sərhədlərini başqa dövlət mühafizə edirsə, deməli müstəqil, suveren ola bilməz. Ən yaxşı halda həmin dövlətin vassalı rolunda çıxış edə bilər. Eyni zamanda bu, həm də Qərbin Ermənistandan tələb etdiyi məsələdir. Onlar istəyir ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxsın. Burada həm də siyasi, hərbi və iqtisadi yöndə uzaqlaşmaq üçün tələblər var. Bu addımlar həmin tələblərin tərkib hissəsi olaraq mövcuddur. İndi İranla sərhəddi də Ermənistan qoşunları qoruyur. Artıq konkret məlumatlar da mövcuddur ki, Türkiyə ilə sərhəd keçid məntəqəsi Marqarada Rusiya sərhəd qoşunlarını Ermənistan əsgərləri əvəz edib. Bu, tədricən baş verən proses idi, çünki Ermənistanda sərhəd qoşunları strukturu mövcud deyil. Bu struktur formalaşdıqca, ruslar əvvəlcə Zvartnosdan, sonra Azərbaycan-Ermənistan sərhədindən çıxarıldı. Bu, Ermənistanın Rusiyaya özünün təhlükəsizliyini təmin edə biləcəyi mesajıdır. Eyni zamanda, müstəqillik və suverenlik yolunda atılan çox ciddi addımdır. Yəni, Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmaq üçün düyməyə basan Nikol Paşinyan prosesi davam etdirir. Əgər 2026-cı ildə Nikol Paşinyan parlament seçkilərində qalib gəlib yenə hökumətə rəhbərlik edərsə, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmə gətiriləcək. Ancaq buna qədər hələ xeyli məsələ var. Çünki Ermənistan bir çox məsələlər, o cümlədən iqtisadi mövzular yönündə Rusiyadan asılıdır. Bunları həll etmək üçün alternativ bazarlar təmin olunmalıdır. Bunu edə bilmək üçün Ermənistan regionun həlledici ölkələri olan Azərbaycanla, Türkiyə ilə münasibətləri tənzimləməlidir. Sülh müqaviləsi olmadan, bunları Ermənistan təkbaşına həyata keçirə bilməyəcək”.
Vəli Həsənoğlu,
KONKRET.az