Pensiya yaşının artırılması və ya azaldılması cəmiyyətdə hər zaman geniş müzakirələrə səbəb olur.
Bəs bu qərarlar hansı meyarlar əsasında verilir və dövlətlərin pensiya siyasətinə hansı amillər təsir göstərir?
Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumilikdə pensiya yaşı ilə bağlı qərarlar tək bir səbəblə deyil, çoxsaylı faktorların kombinasiyası fonunda qəbul edilir.

Rəşad Həsənov
Onun sözlərinə görə, bu amillər sırasında ilk növbədə orta ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi və əmək qabiliyyətinin dəyişməsi dayanır:
“Əmək şəraitinin yaxşılaşması və ya pisləşməsi, ağır və zərərli işlərdə çalışanlar üçün güzəştli pensiya yaşının müəyyən edilməsi də mühüm rol oynayır. Bəzi peşə sahələrində psixoloji və fiziki yüklənmə nəzərə alınaraq fərqli yaş hədləri tətbiq oluna bilər”.
İqtisadçı qeyd edib ki, demoqrafik proseslər də pensiya siyasətinə ciddi təsir göstərir. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində təbii artım sürətinin azalması uzunmüddətli dövrdə pensiya sisteminin maliyyə dayanıqlığı üçün risk yaradır:
“Belə hallarda bir çox ölkələr pensiya yaşını artırmaq məcburiyyətində qalır. Burada əsas göstəricilərdən biri də bir pensiyaçıya düşən işləyən və məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayıdır”.
Rəşad Həsənov vurğulayıb ki, əgər sığorta ödəyənlərin sayı yüksəkdirsə, pensiya sisteminin dayanıqlılığı da daha güclü olur:
“Əks halda, yəni işləyənlərin sayı azaldıqda sistemin maliyyə yükü artır və bu zaman pensiya yaşının yüksəldilməsi gündəmə gəlir”.
Ekspert əlavə edib ki, gender məsələləri də pensiya yaşının müəyyən edilməsində nəzərə alınır. Qadın və kişilər üçün fərqli yaş hədlərinin tətbiqi, demoqrafik siyasətin təşviqi məqsədilə uşaq sayına görə pensiya yaşına güzəştlərin verilməsi də hökumətlərin qərarlarına təsir edən faktorlar sırasındadır.
Beləliklə, iqtisadçının fikrincə, pensiya yaşının artırılması və ya azaldılması hökumətlərin demoqrafik vəziyyət, əmək bazarı və sosial müdafiə sisteminin dayanıqlığı ilə bağlı strateji qərarlarının nəticəsidir.
Aynurə İsmayıl
KONKRET.az
