ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması bölgədə yeni siyasi reallıq yaradıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu qərarı “əsaslı və ədalətli” adlandırsa da, Moskvanın bundan sonra regionda hansı təsir mexanizmlərindən istifadə edəcəyi maraq doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya bölgədəki yeni reallığı qəbul edir və təsir imkanlarını fərqli istiqamətlərdə saxlamağa çalışır:
“Rusiyanın son günlər Azərbaycana qarşı işlətdiyi təsir mexanizmləri əsasən rus dili, rus mədəniyyəti və incəsənəti ilə bağlıdır. Rus filmlərinin və rus dilinə dair çağırışların azalmasına qarşı Moskva müəyyən təzyiq addımları atır. Bundan əlavə, Rusiya Gürcüstanda hakimiyyəti dəstəkləməklə təsirini qoruyur, Ermənistanda isə 2026-cı ildə Paşinyan hökuməti ilə ciddi qarşıdurmaların olacağı gözlənilir”.
Ə.Əlibəylinin sözlərinə görə, Moskva Azərbaycana qarşı həm diaspor xətti ilə, həm də təşkilatlanma mexanizmləri vasitəsilə təzyiq göstərir:
“Azərbaycan diasporunun rəhbərlərinə təzyiqlər edilir, bəzən hətta həbslər baş verir. Onların yerinə Rusiyaya xidmət edən şəxslərdən ibarət qurumlar formalaşdırılır. Bu baxımdan Rusiyanın təsir alətləri kifayət qədər genişdir”.
Ekspert vurğulayıb ki, Moskva ATƏT-in Minsk Qrupu ilə bağlı xüsusi mövqe bildirməyə maraqlı deyil:
“Çünki Minsk Qrupu təkcə Rusiyadan ibarət deyildi, burada ABŞ da var idi. Ona görə də Kreml bu formatdan kənarda, öz təsir dairəsini möhkəmlətməyə üstünlük verir”.
Beləliklə, Rusiya Cənubi Qafqazda artıq ATƏT mexanizmləri ilə deyil, dil, mədəniyyət, diaspor, siyasi dəstək və hakimiyyətlər üzərində təsir vasitələri ilə mövqelərini qorumağa çalışır.
Aynurə İsmayıl
KONKRET.az