Qoltsman: “Fransa Ermənistanı darda qoyub qaçacaq” backend

Qoltsman: "Fransa Ermənistanı darda qoyub qaçacaq"

Yola saldığımız il bir çox siyasi təlatümlərlə yadda qaldı. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Xankəndidə Azərbaycan bayrağının dalğalanması və bu qədim torpağımızda hərbi paradın keçirilməsi 2023-cü ili ən yaddaqalan il etdi. Bununla da 2023-cü ildə qazanılan qələbələr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan, bizə qarşı düşmən mövqe tutan qüvvələrin siyasi kursu isə özünü doğrultmadı. Qərb ölkələrinin Azərbaycana diplomatik savaş açmaları fiaskoya uğradı.

2023-cü ildə 3 dəfə BMT Təhlükəsizlik Şurasının toplanmasına nail olan Fransa Azərbaycan əleyhinə heç bir sənəd qəbul etdirə bilmədi. Və onun ölkəmizə qarşı düşmənçilik mövqeyi hələ də davam edir. İndi fransızlar erməniləri silahlandırmaqla məşğuldurlar. Sentyabrdan bəri Ermənistana bir neçə silah partiyası göndərən Fransa Cənubi Qafqaza soxulmaq üçün bütün imkanlarını səfərbər edib. Ümumiyyətlə, Fransanın iperialist siyasəti bütün region dövlətlərində birmənalı qarşılanmır.

İsrailli jurnalist və publisist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Qoltsman bildirib ki, fransızların narazılığını anlayır: “Üstəlik, bu yaxınlarda İsrailə mühazirə oxumağa başlayan Parisin çağırışları Yaxın Şərqdə ciddi əks-səda doğurmur. Çünki ötən əsrin 80-ci illərində dağıdıcı rol oynayan Fransa regionda yalnız qorxaqlığı ilə yadda qalıb. İsrail qoşunlarının Livan xristianlarını qorumaq üçün cənuba doğru hərəkət etməsi əvəzinə, Beyruta və ətrafına fransız paraşütçüləri gətirildi. Lakin onlara qarşı həyata keçirilən bir neçə terror aktından sonra fransızlar biabırçılıqla Livandan qaçdılar. Əvəzində Suriya qoşunları Beyruta daxil oldu. Sonra yeni razılaşmaya əsasən, İsrail ordusunun birlikləri Livandan çıxarıldı. Nəticədə livanlı xristianlar öz ölkələrini tərk etmək məcburiyyətində qaldılar və bütün dünyaya yayıldılar. Budur, hətta müttəfiqlərinin də maraqlarını qoruya bilməyən Fransanın xarici siyasətinin parlaq nümunəsi”.

Qoltsman vurğulayıb ki, Fransanın Cənubi Qafqazdakı davranışı da məhz dağıdıcılığına görə diqqəti çəkir: “Paris Cənubi Qafqazda 2020-ci ilin noyabrında üçtərəfli saziş əldə olunduqdan sonra fəallaşıb. Bu ilin payızında Qarabağın erməni əhalisinin əksəriyyəti sülh yolu ilə Ermənistana köçəndə, separatizm məhv ediləndə və atəşlər dayandırılanda Fransa erməni revanşizmini daha fəal şəkildə qızışdırmağa, öz təlimatçılarını bölgəyə göndərməyə başladı.

Erməniləri silahlandırırlar, nə üçün? Axı siz bəyan edirsiniz ki, sizin üçün əsas məsələ regionda sülhün bərqərar olmasıdır. Parisin regionda yeni müharibəyə başlamaq üçün açıq-aşkar cəhdləri var və region ölkələrinin özləri bunu istəmirlər. Şəxsən məndə belə bir hiss var ki, Fransanın keçmiş statusuna və BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünə baxmayaraq, onu daha ciddi qəbul etmək mümkün deyil”.

Öz növbəsində, qırğızıstanlı politoloq, siyasi elmlər namizədi Umar Mütəliyev Parisin Mərkəzi Asiya ölkələrinə təsirini genişləndirmək niyyətini mənasız hesab edir.

“Makron bizim regionda daha çox uğur qazanan Aİ və ABŞ rəhbərliyinin tezislərini təkrarlayır. Sadəcə ona görə ki, Vaşinqton və Brüssel regiondakı geosiyasi vəziyyəti, onun problemlərini daha ardıcıl və düşünülmüş şəkildə öyrənir. Nə təklif edəcəyini və nəyi yaxşılaşdıracağını başa düşür.

Makron region ölkələrinin liderləri tərəfindən səs-küylü və boş vədlərindən başqa heç nə ilə yadda qalmayıb. Üstəlik, onun Cənubi Qafqazda necə davrandığını görən Mərkəzi Asiya ölkələri Fransanı təhlükəli, gözlənilməz və tamamilə məsuliyyətsiz qüvvə kimi qəbul edirlər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*