Ukrayna Rusiyaya qarşı ilin ən kütləvi PUA hücumlarından birini həyata keçirib.
KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 15-dən 16-na keçən gecə ölkə ərazisi üzərində 822 Ukrayna PUA-sı ələ keçirilib və məhv edilib.
Məlumata görə, pilotsuz uçuş aparatları 17 Rusiya regionu, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində zərərsizləşdirilib.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa isə bildirib ki, hücum nəticəsində PUA qəlpələri Kaluqadakı çoxmərtəbəli binanın mənzillərindən birinin pəncərələrinə ziyan vurub. Ölən və yaralanan olmayıb. Mənzilin sakinləri təxliyə edilərək müvəqqəti yerləşdirilib.
Ən çox PUA-nın Moskva vilayəti istiqamətində qeydə alındığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi hücumun nəticəsində bir sıra ərazilərdə dağıntı və yanğınların baş verdiyini açıqlayıb.
Rusiya KİV-lərinin məlumatına görə, hücum nəticəsində Rostov vilayətində 5, Moskva vilayətində isə 1 nəfər ölüb. Bir neçə nəfərin də yaralandığı bildirilir.
Qeyd edilib ki, bu, 2026-cı ilin əvvəlindən Rusiyaya qarşı həyata keçirilən ən böyük PUA hücumu olub.
Günay Əli
KONKRET.az
