Sahil Babayev üçün çətin sınaq – Qarşıda onu nə gözləyir?backend

Sahil Babayev üçün çətin sınaq – Qarşıda onu nə gözləyir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev maliyyə naziri təyin edilib. Sahil Babayevin əvvəlki fəaliyyətində insanların haqlı və ya haqsız narazılıqlarının şahidi olurduq.

Maraqlıdır, Sahil Babayevin 7 illik fəaliyyəti necə yadda qaldı, hansı mühüm addımlar atıldı?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Sahil Babayevin maliyyə naziri vəzifəsinə təyin edilməsi Prezidentin ona göstərdiyi etimadın nəticəsidir:

“Son 7 ilə yaxın müddətdə Sahil Babayev olduqca mürəkkəb və həssas sahəyə rəhbərlik etmişdi. Bu sahədə çox effektiv və sistemli islahatlar aparılmışdı. Həmin islahatlar nəticəsində Azərbaycanda bu illər ərzində 4 sosial paket reallaşdırılmış, 5-ci paket isə bu ildən reallaşdırılmaqdadır. Paketlərin tətbiqi ölkə əhalisinin geniş kateqoriyalarının sosial müdafiəsini özündə ehtiva etmişdi. Bu illər ərzində ölkəmiz sosial müdafiə sistemi baxımından bir çox çağırışlarla üzləşmişdi. Həm dünya iqtisadiyyatındakı struktur böhranın ölkəmizin sosial, iqtisadi müstəvisinə etdiyi təzyiqlər, həm torpaqlarımızın işğaldan azad olunmasından sonra müharibə iştirakçılarımıza sosial dəstəyin verilməsi ilə bağlı sosial müdafiə sistemi qarşısında duran çağırışlar, həm də COVİD19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar sosial tədbirlərin şəffaf, effektiv, çevik şəkildə reallaşdırılması ilə bağlı çağırışlar və s. kifayət qədər böyük və sistemli islahatların aparılmasını zəruri edirdi. Qısa müddət ərzində bu islahatlar aparıldı, şəffaflıq təmin olundu. Dövlət başçısının ciddi siyasi iradəsinə əsasən ölkə əhalisinin geniş kateqoriyalarına sosial ödənişlərin qabaqlayıcı şəkildə reallaşdırılması prosesi həyata keçirildi. Sosial xərclər, sosial istiqamətə ayrılmış vəsaitlər xeyli dərəcədə artdı. Əməkhaqqı fondu 3 dəfəyə qədər artmışdı.

Bütün iqtisadi çağırışlara baxmayaraq bu işlər reallaşdırıldı. Prosesdə Sahil Babayevin böyük rolu olmuşdu. Bu sahəyə rəhbərlik etmək, həmin çağırışlar kontekstində effektiv qərarlar vermək kifayət qədər mürəkkəb bir məsələ idi. Son 7 ilin göstəriciləri onu deməyə əsas verir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı dövrdə sosial müdafiə sisteminin təşkili baxımından Sahil Babayev ölkəmizin ən effektiv və uğurlu əmək və əhalinin sosial müdafiəsi naziri olmuşdur”.


Elşad Məmmədov

Elşad Məmmədov maliyyə naziri kimi Sahil Babayevi qarşıda nələrin gözlədiyi ilə bağlı sualımıza isə belə cavab verib:

“Ölkənin maliyyə sektoru bu gün kifayət qədər böyük çağırışlarla üz-üzədir. Çünki dünya iqtisadiyyatındakı böhran ölkə iqtisadiyyatına da istər-istəməz təsirlərini göstərir. Dünyada yeni iqtisadi gündəm formalaşır ki, buna müvafiq, adekvat olaraq ölkəmizin maliyyə sektoru, iqtisadi blok da reaksiya verməlidir. Dünya iqtisadiyyatı çox ciddi şəkildə dəyişir və maliyyə sisteminin effektiv olması milli iqtisadiyyatların idarə edilməsi nöqteyi-nəzərindən olduqca mühüm parametrdir. Bu illər ərzində iqtisadi siyasətin həyata keçirilməsində maliyyə sektorunun artan rolunun şahidi olacağıq. Sahil Babayevin peşəkar rəhbər kimi maliyyə nazirliyinə rəhbərlik etməsi Azərbaycanın maliyyə sektorunun formalaşacaq çağırışlar kontekstində effektiv şəkildə idarə olunacağına dair böyük ümidlər formalaşdırır. Maliyyə sektorunda da yaxın illərdə effektiv siyasətin, islahatların və müsbət nəticələrin şahidi olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*