Son günlər Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi Ermənistan və İran tərəfindən birmənalı qarşılanmır. Ancaq rəsmi Bakının prinsipial mövqeyi dəhlizin açılacağı ilə bağlı reallıqları ortaya qoyur və bunda zərrə qədər də şübhə yaratmır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov maraqlı tezislər ortaya qoyub:
Ekspertin Azərbaycanın strateji maraqlarının yüksək ifadəsi olan Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar səsləndirdiyi tezisləri təqdim edirik:.
1. Yaxın Şərqdə Türkiyənin maraqlarının genişlənməsi Ankaranın Cənubi Qafqazdakı təmsilçilik dairəsinin böyüməsinə də şərait yaradır. Bu konteksdə:
– Rusiya və İranın Suriya teatrında qalib çıxan Türkiyə ilə sövdələşmək imkanlarını qiymətləndirməsi Ankaranın Cənubi Qafqazdakı maraqları ilə uzlaşdırıla bilər,
– Xüsusilə, Tehranın Suriyadakı məğlubiyyətindən sonra o, Cənubi Qafqazda Türkiyə ilə rəqabətini açıq qarşıdurma riskinə çevirmək imkanlarını itirib,
– İran Azərbaycanın Ermənistanın cənubundakı Zəngəzura qəfil hücumundan narahatlığını davam etdirsə də, bu, faktiki olaraq Tehranın Qafqazdakı rolunun marginallaşması fonunda şərh oluna bilər.
2. Zəngəzur dəhlizi reallaşsa, İranın Avropaya və Rusiyaya tranzit marşrutları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin xoş niyyətindən asılı vəziyyətdə qalacaq. Bakı-Tehran xəttindəki son müsbət dinamikalar nəzərə alınmaqla demək olar ki:
– İran Zəngəzur dəhlizi kontekstindən özünə perspektiv üşün etibarlı iqtisadi-ticari şəbəkə axtarır,
– Azərbaycan da İranla iqtisadi-ticari əlaqələri yüksəltməyi (Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fonunda) qarşıya hədəf qoyur. Azərbaycanın məqsədi regional əməkdaşlığı stimullaşdırmaq, İranın ambisiyalarını, onun Fransa, Rusiya ilə sövdələşmək kartlarını neytrallaşdırmaq, Tehrana münasibətdə yaranacaq tendensiyaları geoiqtisadi şəbəkələrin daxilində əritməkdir.
3. Azərbaycan diplomatiyası 2025-ci il başlayandan bu yana, Prezident İlham Əliyevin timsalında Zəngəzur dəhlizi ilə əlaqədar daha iddialı ton götürüb.
İlham Əliyevin ötən ay verdiyi “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır” deməsi həmin fikrin təsdiqidir. Görünən odur ki:
– Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi, Donald Trampın ABŞ Prezidenti olması və Türkiyənin regionda qazandığı uğurlardan dolayı yaranan geosiyasi dəyişikliklərdən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir…
Müşviq Tofiqoğlu
KONKRET.az