Hələ ABŞ-da prezident seçkisi öncəsi Donald Tramp bildirmişdi ki, əgər yenidən hakimiyyətə qayıdarsa ilk növbədə Rusiya-Ukrayna müharibəsinin nizamlanmasıyla məşğul olacaq. Elə də oldu və andiçməsindən heç bir ay keçməmiş dünyanı narahat edən münaqişəylə bağlı danışıqlara start verildi. Amma danışıqlar tərəflərdən yalnız birinin iştirakı ilə baş tutur. Ukrayna tərəfi danışıqlara cəlb olunmayıb. Tramp isə maraqlı açıqlamaları ilə diqqət çəkir. O, bildirib ki, Ukrayna prezidenti Zelenski danışıqlar masasında oturmaq istəyirsə, seçki keçirməlidir. Əslində nə baş verir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Əhəd Məmmədli bildirib ki, bununla Tramp Ukraynadan canını qurtarmaq istəyir:
“Eyni sözü Putin də deyib. Rusiya prezidenti də bildirib ki, biz Zelenski adlı prezident tanımırıq, onun hakimiyyəti qeyri legitimdir, çünki seçki keçirilməyib. Amma Ukyarna müharibə vəziyyətində olduğu üçün seçki keçirmək məqsədə uyğun deyil. Zelenskinin hüququ var ki, ölkə müharibə vəziyyətində olduğundan seçki keçirtməsin. Amma görünən odur ki, Tramp da Putin kimi danışmağa başlayıb. Tramp görür ki, Zelenski onun dediyi ilə hərəkət etmək istəmir. Ukrayna prezidenti Trampın dediklərinə alternativ addımlar atır. Türkiyədə Zelenski, “Avropa Birliyi və Türkiyə ilə birlikdə adıımlar atmalıyıq” dedi. Zelenski tərəfdaşlarını okeanın o tayında deyil, Aİ və Türkiyədə axtarmağa başlayıb. Bu isə Trampın xoşuna gəlmədiyindən seçki məsələsini ortaya atır. Ukraynanı məcbur etmək istəyirlər ki, kapitulyasiya aktına imza atsın”.
“Zelenski bununla razı olmasa nə baş verə bilər?” sualına politoloqun cavabı belə oldu:
“Ukraynada növbəti inqlab baş verə bilər. Və ya saray daxili çevrilişin baş verməsi, hətta Ukrayna prezidentinin öldürülməsi mümkündür. Daha sonra Zelenskinin istefa vermək ehtimalı da var. Variantlar çoxdur və həm xalq, həm də prezident hər hansı sürprizə hazır olmalıdır. Gedişat onu göstərir ki, hazırda Ukrayna “qurban”lıq masasında oturdulub. Ər-Riyadda təşkil olunan danışıqlarda bu, açıq-aşkar görünür. Dünya da buna şahidlik edir. Tramp adminsitrasiyası Ukraynanın arxasından çəkilmək istəyir. ABŞ Ukraynanın bir hissəsini Rusiyaya verib qalan hissəsindəki təbi sərvətləri ələ keçirtmək niyyətindədir. Ukrayna hazırda Tramp və Putin üçün yağlı tikədir və bu tikəni onlar bölmək istəyirlər.
Vəli Həsənoğlu,
KONKRET.az