ABŞ tarixində nadir hallarda müşahidə olunan hadisə baş verib – iyun ayında ölkənin dövlət büdcəsində 27 milyard dollar həcmində profisit qeydə alınıb. Bu, sonuncu dəfə 2017-ci ildə müşahidə olunmuşdu.
KONKRET.az xəbər verir ki, bu göstərici ABŞ Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumatlara əsaslanır. Halbuki may ayında federal büdcədə 316 milyard dollarlıq kəskin kəsir mövcud idi. Gəlirlərin bu cür artmasının əsas səbəbi isə prezident Donald Trampın tətbiq etdiyi idxal rüsumları olub.
2025-ci ilin iyun ayında rüsumlardan gələn gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 301% artaraq məhz 27 milyard dollar təşkil edib – bu da profisitin məbləğinə bərabərdir. İl başlayandan bəri ABŞ hökuməti 113 milyard dollar həcmində gömrük rüsumu toplayıb ki, bu da ötən ilə nisbətən 86% çoxdur.
Gəlirlərin bu şəkildə artmasına səbəb kimi Trampın aprel ayında bütün idxal mallarına tətbiq etdiyi 10 faizlik tariflər, eləcə də bəzi ölkələrə qarşı “güzgü rüsumları” göstərilir.
Ekspertlər bu artımın qısamüddətli təsir daşıdığını, lakin uzunmüddətli perspektivdə xarici ticarətin azalması və daxili qiymət artımı ilə nəticələnə biləcəyini qeyd edirlər.
Natiq Səlim,
KONKRET.az