TRT-nin Urmiyanı “kürd şəhəri” kimi təqdim etməsi Azərbaycanda narazılıqla qarşılanıb. Bəs bu, Türkiyə-Azərbaycan strateji münasibətlərinə mənfi təsir edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, bu məsələ dövlətlərarası münasibətlərin səviyyəsinə təsir edəcək qədər ciddi deyil:
“Mən düşünmürəm ki, belə məsələlər Türkiyə-Azərbaycan strateji münasibətlərinə təsir edə bilsin. Çünki bu, dövlət səviyyəsində baş verməyib. Düzdür, TRT dövlət kanalını təmsil edir, lakin burada çalışanlar sadə əməkdaşlardır və onların politoloji savadı o qədər də yüksək olmaya bilər. Əldə etdikləri biliklər də çox güman, populyar mədəniyyət və ya şəxsi təsəvvürlərdən qaynaqlanır”, – deyə o, qeyd edib.
Ekspertin sözlərinə görə, Türkiyədə məşhur olan Mahsun Kırmızıgül kimi sənətçilər də vaxtilə Urmiyanı “öz vətəni” kimi təqdim edib və bu, həm Cənubi Azərbaycanda, həm də Azərbaycan Respublikasında ciddi narazılıq yaradıb.
Vəli Əlibəyov hesab edir ki, bu dəfə də belə bir yanlışlıq texniki anlaşılmazlıqdan və əməkdaşın mövzu üzrə yetərincə məlumatlı olmamasından qaynaqlanır:
“Mən düşünmürəm ki, Ankara rəhbərliyi bu məsələni bilərəkdən efirə buraxıb. Azərbaycan tərəfi narazılığını bildirəcək və ehtimal ki, TRT rəhbərliyi üzr istəyəcək. Bu məsələ iki qardaş ölkənin münasibətlərinə heç bir zərər yetirməyəcək”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az