Vahid məktəbli formasının tətbiqi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi daşıyır – Dövlətin təhsil siyasətinə qarşı çıxanlar doğru yolda deyilbackend

Vahid məktəbli formasının tətbiqi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədi daşıyır - Dövlətin təhsil siyasətinə qarşı çıxanlar doğru yolda deyil

Təhsildə dünyəvilik prinsipinin qorunması, məktəblərdə vahid yanaşmanın formalaşdırılması və şagirdlər arasında sosial bərabərliyin təmin edilməsi aktual müzakirə mövzularındandır. Bu məsələdə dövlətin təhsil siyasəti ilə yanaşı, məktəb-valideyn münasibətləri, maarifləndirmə və cəmiyyətdə dialoq mədəniyyətinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Bəs təhsil müəssisələrində dünyəvilik prinsipi necə təmin edilməli, vahid qaydaların tətbiqinə münasibət hansı əsaslar üzərində formalaşmalıdır?

Mövzu ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov KONKRET.az-a açıqlamasında bildirib ki, təhsildə dünyəvilik prinsipi həm Azərbaycanda, həm də xarici ölkələrdə aktual məsələlərdən biridir.

Dosent: Xurafata meyillənməyə qətiyyən imkan vermək olmaz

Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət kimi dini və mənəvi dəyərlərə hörmətlə yanaşır, din-dövlət münasibətlərinin tənzimlənməsinə xüsusi diqqət yetirir.

“Dünyəvilik prinsipi dövlətin dini və mənəvi dəyərlərə qayğısını istisna etmir. Əksinə, bu məsələdə balansın qorunması mühüm əhəmiyyət daşıyır. Təhsil müəssisələrində tətbiq olunan yanaşmalar da həmin prinsiplər və dövlətin təhsil siyasətinin əsas istiqamətləri kontekstində qiymətləndirilməlidir”, – deyə dosent vurğulayıb.

Ş.Zeynalov qeyd edib ki, son dövrlər ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində müəyyən qaydalar tətbiq olunur. Onun fikrincə, bu qaydalara qarşı çıxanların bir qismi məsələnin mahiyyətini düzgün anlamır, digərləri isə buna şüurlu şəkildə etiraz edirlər.

Alim hesab edir ki, məktəblərdə nizam-intizamın və təşkilati məsələlərin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Vahid məktəb formasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin artmasına, məktəbli kimliyinin formalaşmasına və sosial bərabərliyin möhkəmlənməsinə müsbət təsir göstərir.

Onun sözlərinə görə, vahid forma şagirdlər arasında zahiri görünüş və maddi imkanlarla bağlı fərqlərdən qaynaqlanan ayrı-seçkilik riskini azaltmağa da xidmət edə bilər. Bu yanaşma, eyni zamanda, uşaqların sosial mühitə uyğunlaşmasına və təhsilin tərbiyəvi funksiyasının güclənməsinə töhfə verir.

Dosent məktəb-şagird və məktəb-valideyn münasibətlərində ünsiyyətin xüsusi rol oynadığını diqqətə çatdırıb. O, bildirib ki, bu münasibətlər dialoq fəlsəfəsi üzərində qurulmalı, qarşılıqlı anlaşma və maarifləndirmə ön plana çəkilməlidir.

“Maarifləndirmə olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq çətinləşə bilər. Bu məsələlər yalnız inzibati metodlarla həll edilməməlidir. İctimai-siyasi xadimlərin, təhsil ictimaiyyətinin və valideynlərin üzərinə də böyük məsuliyyət düşür”, – deyə Ş.Zeynalov əlavə edib.

O, fikirlərini əsaslandırarkən Azərbaycanın təhlükəsizlik məsələlərinə də toxunub. Alim bildirib ki, ölkənin İkinci Qarabağ müharibəsində qazandığı Qələbə, torpaqların işğaldan azad edilməsi, eləcə də antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin bərpası regional və beynəlxalq proseslərə həssas yanaşmağı zəruri edir.

Ş.Zeynalovun fikrincə, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz və beynəlxalq inteqrasiya şəraitində cəmiyyətdə həssas məsələlərə diqqətlə yanaşılmalıdır. Bu baxımdan, təhsil sahəsində qəbul edilən qaydaların mahiyyətinin düzgün izah edilməsi, mümkün anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılması vacibdir.

Dosent sonda vurğulayıb ki, dövlətin müəyyən etdiyi qaydalara şagirdlərin, valideynlərin və bütövlükdə cəmiyyətin müsbət yanaşması üçün maarifləndirmə işi gücləndirilməli, təhsil mühitində qarşılıqlı hörmət və anlaşma prinsipləri əsas götürülməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*