“Ukrayna prezidentinin köməkçiləri Vladimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında yaranan çatları ört-basdır etməyə çalışırlar”.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Prezident sadəcə vacib bir açıqlama verdi. Mən ali hərbi-siyasi rəhbərlik səviyyəsində hər hansı fikir ayrılığı və ya konflikt görmürəm”, – deyə nəşr Zelenskinin müşaviri Mixail Podolyakdan sitat gətirib.
“Zelenski Zalujnı ilə demək olar ki, hər gün əlaqə saxlayır və son aylarda onların münasibətində heç bir dəyişiklik yoxdur. Prezident və Ali Baş Komandan ölkənin hərbi strategiyasının korreksiyası ilə bağlı müzakirələri davam etdirir”, – deyə Podolyak əlavə edib.
Zelenskiyə yaxın olan başqa bir şəxs prezidentlə yüksək səviyyəli rütbəlilər arasındakı münasibəti mediada çıxan xəbərlərdən uzaq təsvir edib.
Mətbuata nadir hallarda danışan Zalujnı, görünür, xalqın etimadını prezidentdən daha çox qazanıb. Kiyevdə yerləşən Razumkov Mərkəzinin sentyabr ayında apardığı sorğu nəticəsində məlum olub ki, ukraynalıların 93%-i Zalujnının rəhbərlik etdiyi orduya inanır, seçicilərin isə Zelenskiyə inamı 80%-dən 72%-ə düşüb.
Bu fikir ayrılıqları Zelenskini siyasi cəhətdən təhlükə ilə üz-üzə qoyur. Hazırda ölkədə müxalifət Zalujnı ətrafında yaranmış gərginlikdən prezidentin mövqeyini sarsıtmaq üçün istifadə etməyə çalışır.
Burhan,
KONKRET.az
