Fransa Milli Assambleyası Korsikanın Respublika daxilində muxtariyyət əldə etməsini nəzərdə tutan konstitusiya qanun layihəsini 271 lehinə, 202 əleyhinə səslə qəbul edib.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bu qərar Fransanın nəzarətindəki bir ərazi üçün ilk belə təşəbbüs hesab olunur.
Səsvermə 2022-ci ilin martında həbsxanada öldürülən korsikalı millətçi İvan Kolonnanın ölümündən sonra adada baş verən iğtişaşların ardınca başlayan siyasi prosesin mühüm mərhələsi kimi qiymətləndirilir. Məhz həmin hadisələrdən sonra hökumət Korsikanın seçilmiş nümayəndələri ilə dialoqa başlayıb.
2023-cü ilin sentyabrında Fransa prezidenti Emmanuel Makron Korsikaya səfəri zamanı ilk dəfə olaraq, “Respublika daxilində Korsika muxtariyyəti” prinsipini dəstəklədiyini və bunun Konstitusiyada əks olunmasının mümkünlüyünü bəyan etmişdi.
Dövlət və Korsika nümayəndələri arasında iki ilə yaxın davam edən danışıqlardan sonra 2024-cü il martın 11-də tarixi razılaşma əldə olunub. Qanun layihəsi Konstitusiyaya yeni maddə əlavə edilməsini nəzərdə tutur. Bu maddə Korsikaya adanın coğrafi, dil və mədəni xüsusiyyətlərinə uyğun normativ və qanunvericilik səlahiyyətləri verəcək.
Bununla belə, müdafiə, ədliyyə və xarici siyasət kimi dövlətin əsas səlahiyyətləri Parisin nəzarətində qalacaq.
İslahat tərəfdarları hesab edirlər ki, bu addım nəqliyyat, mənzil, yüksək yaşayış xərcləri, ətraf mühitin qorunması və korsika dilinin yaşadılması kimi problemlərin həllinə kömək edəcək, eyni zamanda, onilliklərdir davam edən gərginliyin azalmasına şərait yaradacaq.
