Ailənin 4 günlük xərci 2500 manata çata bilər – XƏBƏRDARLIQbackend

Ailənin 4 günlük xərci 2500 manata çata bilər – XƏBƏRDARLIQ

Ardıcıl 4 günlük bayram tətilində bölgələrə üz tutmaq istəyənləri istirahət xərcləri düşündürür. Qəbələ, Quba-Qusar, Şəki və Şuşa kimi istiqamətlərə marağın artması otellərdə qiymətlərin də yüksəlməsinə səbəb ola bilər.

Bəs iki nəfərlik gənc ailənin bölgələrdə 3-4 günlük istirahəti neçəyə başa gələcək?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah” a danışan turizm eksperti Nizami Həsənov bayram günlərində səfər planlaşdıranlara əvvəlcədən rezervasiya etməyi tövsiyə edib:

“Ardıcıl dörd günlük istirahət insanlara qısa müddətdə dolğun səyahət planlaşdırmaq imkanı verir. Ən çox maraq göstərilən istiqamətlər arasında Qəbələ, Quba-Qusar zonası, Şəki və İsmayıllı var. Müraciətlərin sayını nəzərə alaraq, həmin bölgələrə turist axınının artacağını gözləyirik. Bundan əlavə, Qarabağa, xüsusilə Şuşaya maraq da böyükdür. Hazırda Qarabağ turları aktual istiqamətlərdən biridir. Bayram günlərində bu bölgəyə səfər etmək, tarixi və mədəni məkanları ziyarət etmək istəyən vətəndaşların sayı çoxdur”.

Ekspert bəzi otellərin turist axınının artmasından sui-istifadə etməyə çalışdığını da qeyd edib:

“Payız mənzərələrindən zövq almaq istəyənlər daha çox dağlıq ərazilərə, meşələrə və çay kənarlarına üstünlük verirlər. Əlbəttə ki, belə günlərdə, xüsusilə bayram və istirahət günlərində otellərin qiymətlərində də artım müşahidə olunur. Turist axınının və qonaq sayının çoxalması qiymətlərin yüksəlməsinə səbəb olur. Bu, dünya praktikasında da rast gəlinən haldır.

Bununla yanaşı, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan bəzi otellər də var. Belə hallara yol verilməməlidir. Bu cür problemlərlə qarşılaşmamaq üçün hər zaman səfərlərin əvvəlcədən planlaşdırılmasını və otellərdə öncədən yer bron edilməsini tövsiyə edirik. Bu, həm daha əlverişli qiymət əldə etmək, həm də istirahəti etibarlı şəkildə təşkil etmək baxımından məqsədəuyğundur”.

Nizami Həsənov iki nəfərlik gənc ailənin bölgələrdə üç-dörd günlük istirahəti üçün tələb olunan məbləği də açıqlayıb:

“Təəssüf ki, turistlərimizin bir qismi səfərə cəmi iki-üç gün qalmış qərar verir. Bu zaman otel qiymətlərinə baxır, qiymətlərin yüksək olduğunu görür və narazılıq edir. Belə hallarla tez-tez rastlaşırıq. Halbuki əvvəlcədən rezervasiya etməklə həm büdcəyə uyğun seçim etmək, həm də arzuolunmaz vəziyyətlərin qarşısını almaq mümkündür.

İki nəfərlik gənc ailənin bölgələrdə üç-dörd günlük istirahəti üçün təxminən 1500–2500 manat büdcə nəzərdə tutula bilər. Bu məbləğ ailənin seçdiyi otelin kateqoriyasından, ulduz dərəcəsindən, yerləşdiyi ərazidən və digər xidmətlərdən asılı olaraq dəyişir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*