Özəl sektorda çalışanların əməkhaqlarından 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi tutulmağa başlanılıb. Bu səbəbdən bəzi işçilərin hesabına köçürülən maaşın məbləği azalıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələ ilə bağlı vətəndaşın sualını cavablandırıb.
Bildirilib ki, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən yeddi il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirin 8 min manatadək olan hissəsi gəlir vergisindən azad edilmişdi.
2026-cı il yanvarın 1-dən həmin maddəyə edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya aid işçilərin aylıq gəlirlərinin 2 500 manatadək olan hissəsindən aşağıdakı dərəcələrlə gəlir vergisi tutulur:
2026-cı ildə – 3 faiz;
2027-ci ildə – 5 faiz;
2028-ci ildən etibarən – 7 faiz.
Dövlət Vergi Xidmətinin açıqlamasında qeyd olunub ki, 2026-cı ilin yanvar ayından neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan şəxslərin 2 500 manatadək aylıq muzdlu iş gəlirlərindən Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan azadolmalar nəzərə alınmaqla 3 faiz dərəcə ilə vergi tutulur.
Bununla yanaşı, əməkhaqqından tutulan sığorta haqlarında dəyişiklik edilməyib.
Beləliklə, özəl şirkətdə çalışan və aylıq 1 500 manat əməkhaqqı alan dizaynerin maaşından da müvafiq şərtlər daxilində gəlir vergisi tutulur. Verginin dəqiq məbləği qanunvericilikdə nəzərdə tutulan azadolmalar nəzərə alınmaqla hesablanır.
