Pensiya illüziyası: Qaydalar niyə yenidən nəzərdən keçirilir və adi vətəndaş qocalığını necə təmin edə bilər?backend

Pensiya illüziyası: Qaydalar niyə yenidən nəzərdən keçirilir və adi vətəndaş qocalığını necə təmin edə bilər?

Qazaxıstanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Vahid Yığım Pensiya Fondu (VYFF) bu yaxınlarda Almatıda pensiya ödənişlərinin yetərliliyi və sistemin maliyyə dayanıqlılığı məsələlərini müzakirə etmək üçün yenidən işçi qrupu toplayıb. Məmur dilindən sadə dilə çevirsək, mənzərə belədir: Qazaxıstanın mövcud pensiya sistemində maliyyə balansı ilə bağlı ciddi suallar yaranır.

1998-ci ilədək əmək stajı olan vətəndaşların nəsli tədricən pensiyaya çıxır və onlarla birlikdə həmrəylik pensiya sisteminin də imkanları azalır. Yaxın illərdə pensiyaya çıxacaq şəxslər isə getdikcə daha çox öz fərdi pensiya hesablarındakı yığımlara güvənməli olacaqlar.

Bəs həmin hesablarda nə qədər vəsait var?

Bəzi vətəndaşların pensiya yığımlarının alıcılıq qabiliyyətini inflyasiya zəiflədib. Pensiya aktivlərinin əhəmiyyətli hissəsinin Qazaxıstanın dövlət qiymətli kağızlarına və dövlətə bağlı qurumların istiqrazlarına yatırılması da gəlirliliyin real inflyasiyanı nə dərəcədə üstələməsi ilə bağlı suallar doğurur. Digərləri isə yığımlarının müəyyən hissəsini mənzil almaq üçün istifadə ediblər. İllərlə qeyri-rəsmi işləyən, əməkhaqqının bir hissəsini zərfdə alan və yalnız minimum məbləğdən sosial ödənişləri həyata keçirilən insanlar da az deyil.

Nəticədə pensiya yaşına çatan vətəndaşların bir qismi arzuladıqları maliyyə təminatından xeyli uzaq vəziyyətdə qala bilər.

Dövlət nə edəcək: yeni qaydalar və daha sərt tələblər?

Dövlətin büdcə imkanları məhdud olduğu şəraitdə pensiya sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi asan məsələ deyil. Bu səbəbdən pensiya qaydalarının sərtləşdirilməsi, ödəniş intizamına nəzarətin artırılması və yığımların istifadəsinə qoyulan tələblərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

Bu istiqamətdə bir neçə məsələ xüsusi diqqət tələb edir.

Birincisi, pensiya yığımlarından istifadə imkanları məhdudlaşa bilər. Minimum yetərlilik həddinin artırılması və ya hesablanma qaydalarının dəyişdirilməsi bəzi vətəndaşların pensiya hesablarındakı vəsaitin bir hissəsini mənzil almaq və digər məqsədlər üçün istifadə etməsini çətinləşdirə bilər. Bununla belə, konkret dəyişikliklər barədə rəsmi qərar olmadan belə bir ssenarini baş vermiş fakt kimi təqdim etmək düzgün olmazdı.

İkincisi, işəgötürənlərin pensiya ödənişləri artacaq. Qazaxıstanda işəgötürənin məcburi pensiya ödənişlərinin 2028-ci ilədək 5 faizə çatdırılması nəzərdə tutulur. Bu ödənişlər işçinin fərdi hesabına köçürülən adi məcburi pensiya haqlarından fərqlənir. Onlar şərti yığım sisteminə yönəldilir və fərdi yığımlar kimi miras qalmır. Bu səbəbdən sistemin şəffaflığı və vətəndaşların gələcək hüquqlarının necə təmin olunacağı mühüm müzakirə mövzusudur.

Üçüncüsü, qeyri-rəsmi məşğulluğa nəzarət güclənə bilər. Taksi sürücüləri, kuryerlər, frilanserlər və fərdi sahibkarlar üçün gəlirlərin rəsmiləşdirilməsi, vergi və pensiya ödənişlərinə nəzarət daha da aktuallaşır. Mobil köçürmələrin və elektron çeklərin təhlili bu sahədə istifadə olunan vasitələrdəndir. Rəsmi əmək stajı və pensiya ödənişləri olmayan şəxslər isə gələcəkdə daha aşağı pensiya təminatı ilə üzləşə bilərlər.

Orta əməkhaqqı ilə layiqli pensiya toplamaq mümkündürmü?

Aylıq 250–400 min təngə əməkhaqqı alan vətəndaşın gələcəkdə yalnız fərdi pensiya yığımlarına güvənməsi riskli strategiyadır. Xüsusilə uzunmüddətli inflyasiya, real gəlirlilik və əmək fəaliyyəti dövründəki fasilələr nəzərə alındıqda, pensiya yaşında kifayət qədər vəsaitin toplanacağına zəmanət yoxdur.

Digər tərəfdən, hər kəsin xarici broker hesabı açmaq, kommersiya daşınmaz əmlakı almaq və ya böyük məbləğdə investisiya etmək imkanı da yoxdur.

Bəs yüksək gəliri olmayan adi vətəndaş indidən nə edə bilər?

Kredit borclarından qurtulmağa çalışın

İstehlak kreditləri və hissə-hissə ödənişlər ailə büdcəsinin ən böyük problemlərindən birinə çevrilə bilər. Əgər kreditin faktiki illik dəyəri yüksəkdirsə, borcun vaxtından əvvəl bağlanması gələcək maliyyə vəziyyətinə ciddi müsbət təsir göstərə bilər.

Məntiq sadədir: yüksək faizli borcu azaltmaqla gələcəkdə ödəyəcəyiniz faizlərə qənaət edirsiniz. Belə qənaət riskli investisiyalardan fərqli olaraq, borcun dəyərinə uyğun maliyyə üstünlüyü yaradır.

Buna görə də əlavə gəlir əldə etdikdə ilk növbədə yüksək faizli kreditlərin bağlanmasını, daha sonra isə ehtiyat fondunun yaradılmasını düşünmək məqsədəuyğundur. Lakin bütün vəsaiti borca yönəltməzdən əvvəl gözlənilməz xərclər üçün müəyyən ehtiyat saxlamaq da vacibdir.

Rəsmi pensiya stajınızı qoruyun

Özünüməşğul şəxslər və qeyri-rəsmi işləyən vətəndaşlar gələcək pensiya təminatını indidən düşünməlidirlər. İmkan daxilində gəlirlərin rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun pensiya ödənişlərinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Qazaxıstanda dövlət baza pensiyasının məbləği pensiya sistemində iştirak müddəti ilə əlaqələndirilir. Buna görə də rəsmi stajın toplanması gələcək sosial təminat üçün əhəmiyyətlidir.

Ancaq burada bir məqamı unutmaq olmaz: konkret ödəniş məbləği vətəndaşın pensiya sistemində iştirak müddətindən, tətbiq olunan hesablanma qaydalarından və müvafiq dövrdə qüvvədə olan qanunvericilikdən asılıdır. Buna görə də yalnız minimum məbləğdə ödəniş etməklə yüksək pensiya əldə ediləcəyini düşünmək düzgün deyil.

Ən yaxşı yanaşma əmək fəaliyyətini mümkün qədər rəsmiləşdirmək, fərdi pensiya hesabına daxilolmaları mütəmadi yoxlamaq və ödənişlərdəki fasilələrin qarşısını almaqdır.

Kiçik məbləğlərlə ehtiyat yaradın

Pensiya üçün pul toplamağa başlamaqdan ötrü böyük gəlir gözləmək lazım deyil. Əsas məsələ müntəzəmlikdir.

Məsələn, hər ay gəlirin 5–10 faizini kənara qoymaq uzun müddətdə müəyyən maliyyə ehtiyatı yaratmağa kömək edə bilər. Gəlir azdırsa, daha kiçik məbləğlə başlamaq da mümkündür.

İlk mərhələdə bir neçə aylıq zəruri xərcləri qarşılamağa imkan verən ehtiyat fondunun yaradılması məqsədəuyğundur. Daha sonra maliyyə imkanlarına və riskə münasibətə uyğun olaraq, əmanətlər, xarici valyuta və ya tənzimlənən investisiya alətləri nəzərdən keçirilə bilər.

Burada vacib məqam budur: dollar almaq, qızıl saxlamaq və ya fond bazarına investisiya etmək risksiz deyil. Valyuta məzənnəsi dəyişə, qızılın qiyməti düşə, səhmlər isə uzun müddət zərər göstərə bilər. Buna görə də yalnız başa düşdüyünüz və risklərini qəbul etdiyiniz alətlərə yatırım etmək lazımdır.

Uzunmüddətli yığımlarda müntəzəm ödənişlər və gəlirin yenidən investisiya edilməsi zamanla əhəmiyyətli nəticə verə bilər. Ancaq heç bir gəlir səviyyəsinə zəmanət yoxdur.

Pensiya yığımlarının idarə edilməsinə biganə qalmayın

Qazaxıstan qanunvericiliyi müəyyən şərtlərlə məcburi pensiya yığımlarının bir hissəsinin özəl investisiya portfelini idarə edən şirkətlərə — investisiya portfelinin idarəedicilərinə (İPİ) — verilməsinə imkan yaradır. Ümumi qaydalara əsasən, uyğun yığımların 50 faizədək hissəsinin, könüllü pensiya yığımlarının isə 100 faizinin belə idarəetməyə yönəldilməsi mümkündür.

Lakin bu imkan vəsaitin avtomatik olaraq daha çox gəlir gətirəcəyi demək deyil. Özəl idarəedicilərin investisiya strategiyaları, risk səviyyəsi, komissiyaları və əvvəlki nəticələri fərqlənə bilər. Gəlirlilik zəmanətli deyil və investisiya itkisi riski mövcuddur.

Buna görə də qərar verməzdən əvvəl Vahid Yığım Pensiya Fondunun rəsmi məlumatlarını yoxlamaq, mövcud məhdudiyyətləri və köçürmə şərtlərini dəqiqləşdirmək, həmçinin idarəedicinin investisiya siyasətini diqqətlə öyrənmək lazımdır.

Layiqli qocalıq üçün məsuliyyəti yalnız dövlətin üzərinə qoymaq olmaz

Pensiya sisteminin gələcəyi dövlətin iqtisadi siyasətindən, əmək bazarının vəziyyətindən, inflyasiyadan və yığımların idarə olunmasından asılıdır. Vətəndaşın fərdi qərarları bütün bu problemləri həll edə bilməz. Bununla belə, indidən atılan düzgün addımlar gələcək riskləri azalda bilər.

Yüksək faizli borclardan uzaq durmaq, gəlirləri rəsmiləşdirmək, pensiya stajını qorumaq, ehtiyat fondu yaratmaq və pensiya yığımlarının vəziyyətini mütəmadi izləmək hər bir insanın imkanları daxilində olan addımlardır.

Dövlətin pensiya siyasəti ilə bağlı qərarları vacibdir. Ancaq həmin qərarların nəticələrini gözləyərək şəxsi maliyyə planını təxirə salmaq da təhlükəlidir.

**Çünki layiqli qocalıq yalnız gələcəkdə alacağınız pensiyanın məbləğindən deyil, bu gün qazandığınız vəsaiti necə idarə etməyinizdən də asılıdır.

Müəllif: Yetmək Şamuratov.
Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*