Bakıda avtobusların tıxacda qalması, sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsi gündəlik problemlərdən biridir. Xüsusi avtobus zolaqları bu problemin həlli yollarından biri hesab olunsa da, paytaxtın bütün ərazilərində belə zolaqlar yoxdur.
Bəs qarşıdakı dövrdə avtobus zolaqlarının sayı artırılacaqmı?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusların vaxtında hərəkət etməsi üçün xüsusi zolaqlar yaradılır:
“İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır.
Avtobusların daha sürətli və intervala uyğun fəaliyyət göstərə bilməsi üçün xüsusi hərəkət zolaqları təşkil edilir. Hazırda Bakı şəhərində 43 küçə və prospektdə ümumi uzunluğu 117 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil edilib”.
AYNA-dan bildirilib ki, sərnişinlərin rahat və vaxtında mənzil başına çatması üçün bəzi ərazilərdə yeni avtobus zolaqları çəkilib. Agentlikdən bildirilib ki, yeni avtobus zolaqlarının çəkilməsi üçün də təhlillər davam edir:
“Xüsusilə metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat və vaxt itkisinə məruz qalmadan daşınması üçün son belə işlər Abdulla Şaiq, Mirzəağa Əliyev, Şıxəli Qurbanov küçələrində, eləcə də avtobusların Bakı-Sumqayıt yoluna maneəsiz çıxa bilməsi üçün metronun “Avtovağzal” stansiyasının qarşısında təşkil edilib. Yeni zolaqların salınması istiqamətində təhlillər aparılır”.
