Dünya nəhəngi Ermənistana girir – Azərbaycan nə edəcək?backend

Dünya nəhəngi Ermənistana girir – Azərbaycan nə edəcək?

NVIDIA şirkəti Qazaxıstanda süni intellekt layihələrinə 10 milyard dollarlıq investisiya qoyacaq. Bu şirkətin həmçinin Ermənistana süni intellekt sahəsində ciddi yatırım edəcəyi gözlənilir.

Bəs yatırımlar sözügedən ölkələrə necə təsir göstərəcək? NVIDIA-nın Azərbaycana da investisiya yatırmasını təmin etmək mümkündürmü?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, NVIDIA kimi böyük şirkətin istənilən ölkəyə yatırım qoyması təkcə yeni iş yerlərinin açılması, yeni texnologiyanın gəlməsi deyil, digər investorlar üçün də siqnaldır:

“Yəni digər investorlar da həmin ölkədə iş görməyin mümkünlüyünü və gəlirli olmasını düşünməyə başlayırlar. Yəni bu anlamda Qazaxıstan üçün də, Ermənistan üçün də bu, böyük bir reklamdır. Azərbaycan da təbii ki, həm yeni böyük data mərkəzlərinin yaradılması ilə bağlı müəyyən addımlar atıb, bunun üçün böyük güzəştlər də müəyyənləşdirilib. Ola bilər ki, Azərbaycanda da başqa şirkətlərin data mərkəzlərinin qurulması ilə bağlı yaxın gələcəkdə müəyyən qərarlar alınsın, çünki ABŞ ilə imzalanan strateji sənəddə məhz bu məsələ öz əksini tapıb – data mərkəzlərinin yerləşdirilməsi”.

İqtisadçı Azərbaycanda investisiya mühiti və xarici investisiyaların cəlb olunması ilə bağlı problemlərin olduğunu bildirib:

“Bunun üçün investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılmalıdır. Təkcə vergi güzəştləri ilə bu mümkün deyil, daha doğrusu, yalnız vergi güzəştləri ilə mümkün deyil. Ümumi investisiya mühitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır, Azərbaycanın investisiya cəlbediciliyinin artırılması üçün həm gömrükdə, həm ümumi idarəetmədə, həm də vergi sistemində yeni islahatların aparılmasına ehtiyac var”.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayevin sözlərinə görə, NVIDIA özü birbaşa milyardlarla dollar investisiya qoymur:

“İnvestisiyalar tərəfdaş şirkətlər vasitəsilə gəlir və Qazaxıstan, Ermənistan bu modelin nümunəsidir. Qazaxıstan hökuməti ABŞ-li Firebird və NVIDIA ilə 10 milyard dollara qədər investisiya potensialı olan razılaşmalar imzalayıb. “Data Center Valley” layihəsi Ekibastuzda 100 000 GPU-luq klaster yaradacaq. Nazir Madiyev ilkin ixrac gəlirini ən azı 3 milyard dollar gözləyir. Ermənistan isə Firebird-in Hrazdan AI fabriki avqust 2026-da açılıb. Birinci mərhələ təxminən 500 milyon dollara başa gəlib və 6 000-dən çox Blackwell çipi var. Planlaşdırılan ümumi investisiya 4 milyard dollardır. ABŞ bu layihə üçün 41 000 GB300 GPU-ya ixrac lisenziyası verib. WSJ-ə görə, bu imkan sülh danışıqlarında da rol oynayıb. Azərbaycandakı vəziyyət isə belədir: AzInTelecom-da 32 ədəd NVIDIA H200 GPU quraşdırılıb”.

Mütəxəssis qeyd edib ki, Milli Süni İntellekt Mərkəzi data mərkəzi qurur:

“Avqust ayında PASHA Technology, Cisco və Bestcomp ilə Blackwell Ultra B300 sisteminin quraşdırıldığı elan edilib, lakin bu, rəsmi NVIDIA açıqlaması deyil. Hələ böyükmiqyaslı investisiya yoxdur. Təsir seqmenti: Qazaxıstan və Ermənistan regional hesablama mərkəzinə çevrilir, bu da iş yerləri, tədqiqat və texnoloji imic deməkdir. Lakin çiplərin təchizatı ABŞ-ın ixrac nəzarətindən asılıdır və enerji tələbi çox yüksəkdir. Azərbaycan üçün bu mümkündür, amma üç şərt lazımdır:

  1. Firebird kimi neocloud operatorunu cəlb etmək.
  2. ABŞ-ın ixrac lisenziyası məsələsini strateji tərəfdaşlıq danışıqlarında açıq qaldırmaq.
  3. Dövlət məlumatlarının emalı üçün ilkin yük (anchor client) yaratmaq. Bu, investorlar üçün ən güclü təminatdır.

Yerli enerji tarifi və sabit elektrik təchizatı da əsas rəqabət üstünlüyü ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*