“Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumları dialoq, əməkdaşlıq və bilik mübadiləsi üçün mərkəzi platforma kimi formalaşıb”.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndi şəhərində keçirilən 3-cü Milli Şəhərsalma Forumunda səsləndirib.
A.Quliyev bildirib ki, “2022-ci ildə keçirilən ilk forum hökumət rəsmilərini, mütəxəssisləri və beynəlxalq tərəfdaşları bir araya gətirərək milli şəhərsalma platformasının təməlini qoydu. 2023-cü ildə keçirilən ikinci forum bu əməkdaşlığı daha da gücləndirdi, tərəfdaşlıqları və innovasiyaları irəli apardı və Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri ilə uyğunluğu təşviq etdi. Beləliklə, son üç ildə Milli Şəhərsalma Forumu sadəcə tədbir olmaqdan çıxaraq, dayanıqlı şəhər inkişafı sahəsində dialoq, əməkdaşlıq və birgə irəliləyiş üçün institusional platformaya çevrilmişdir”.
Komitə sədri builki foruma diqqət çəkərək əlavə edib ki, “İqlimədavamlı və sağlam şəhərlərə doğru: Regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusuna həsr olunmuş budəfəki forum dünyada şəhərlərin iqlim dəyişikliyi ilə üzləşdiyi bir vaxtda regional əməkdaşlıq vasitəsilə daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlər inşa etmək üçün mühüm imkanlar yaradacaq”.