Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində irəli sürülən ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ölkədə geniş ictimai rezonans doğurub. Maraqlıdır, 25 dekabr 2024-cü ildə Qroznıda baş vermiş AZAL-ın təyyarə qəzası və digər bu kimi hadisələr Ramiz Mehdiyevin şəbəkəsi ilə əlaqələndirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu qərar gözlənilməz olub, lakin proses uzun illərdən bəri formalaşan ittihamların nəticəsi kimi dəyərləndirilə bilər:

“Ramiz Mehdiyev haqqında verilən qərar əvvəlcədən gözlənilmirdi. Yaşı və son illərdə siyasətdən uzaq qalması səbəbindən bir çoxları artıq onu unutmuşdu. Lakin belə bir vaxtda ona qarşı dövlətə xəyanət kimi ağır ittihamların irəli sürülməsi çox ciddi məsələdir. Hesab edirəm ki, bu, doğru, amma gecikmiş qərardır.”
C.Abbaslı bildirib ki, Mehdiyev haqqında istintaq prosesi hələ başlanğıc mərhələsindədir və yaxın aylarda yeni faktların üzə çıxması mümkündür:
“Qarşıdakı 4 ay ərzində Mehdiyev ətrafında ciddi yeni məlumatların ortaya çıxacağı istisna deyil. Hətta onun ev dustaqlığının müddətinin uzadılması da mümkündür. İttihamlar çox ağırdır və istintaqın bir qədər uzun çəkməsi gözləniləndir.”
Siyasi şərhçi qeyd edib ki, Ramiz Mehdiyev uzun illər ərzində Rusiya ilə əlaqələrdə adı hallanan yüksək vəzifəli məmurlardan biri kimi tanınıb:
“O, aparat rəhbəri olduğu dövrlərdə və sonrakı mərhələlərdə Rusiya ilə yaxın əlaqələri olan şəxs kimi təqdim olunub. Hətta onun ailə əlaqələri və ətrafındakı məmurların da Rusiyaya bağlılığı barədə iddialar səsləndirilib. Bu sırada Nəcməddin Sadıqovun da adı tez-tez çəkilirdi. Bu məsələlər indi yenidən gündəmə gəlir.”
25 dekabr 2024-cü ildə Qroznıda baş vermiş təyyarə insidenti və digər təhlükəsizlik hadisələrinin Mehdiyevin şəbəkəsi ilə əlaqələndirilməsi iddialarına da münasibət bildirən Abbaslı vurğulayıb ki, bu məsələdə tələsik nəticə çıxarmaq doğru olmaz:
“Hazırda bu istiqamətdə istintaq gedir. Prezident İlham Əliyevlə Vladimir Putin arasında keçirilən son görüşdə Rusiya tərəfi də araşdırmaya qoşulacağını bildirib. Bu, məsələnin ciddi şəkildə araşdırıldığını göstərir. Amma hələlik ittiham irəli sürmək və ya Mehdiyevin adını bu hadisələrlə əlaqələndirmək tezdir. İstintaqın nəticələrini gözləmək lazımdır.”
Cavanşir Abbaslı əlavə edib ki, AZAL təyyarə hadisəsi ilə bağlı günahkarların cəzalandırılması ictimaiyyətin əsas tələblərindəndir, lakin araşdırmanın obyektiv aparılması üçün istintaqa təzyiq göstərilməməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
