Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi necə təmin olunur? – ÖZƏLbackend

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi necə təmin olunur? - ÖZƏL

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biri hesab edilir. Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritet məsələ sayılır. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Dövlət və vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər. Qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşib. Ümummilli Liderin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayıb. Milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilib. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən birinin dövlətlərlə bütün sahələrdə münasibətlərdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.

Prezident İlham Əliyev tərəfindən də ictimai və dövlət maraqlarının müdafiəsi ilə bağlı bir sıra uğurlu addımlar atılıb. Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində mühüm işlər görülüb. Belə ki, “İctimai bilgilərə çatım haqqında” (2005-ci il,1 yanvar), “İnformasiya əldə etmək haqqında” (2005-ci il, 30 sentyabr), “İctimai iştirakçılıq haqqında” (2014-cü il, 1 iyun) qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addım kimi qeyd etmək olar. Ölkədə ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri kimi demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsini, o cümlədən bütün azadlıqların təmin olunmasını göstərmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında bu məsələni dəfələrlə vurğulayıb. Ölkə rəhbəri xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərində daim mətbuatın milli maraqlardan çıxış etməli olduğunu aktual məsələ kimi diqqətə çatdırıb. Təbii ki, KİV nümayəndələri öz fəaliyyətlərində dövlət başçısının “Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır” fikrinə hər zaman əməl edib.

İctimai və dövlət maraqlarının təmin olunmasında ən önəmli məsələlərdən biri də ölkənin xarici qüvvələrin təsirindən qorunmasıdır. Məlumdur ki, zaman-zaman Azərbaycanda inkişafa mane olunması, son nəticədə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması istiqamətində müəyyən qüvvələr tərəfindən fəal iş aparılıb. Belə ki, xaricdən himayə olunan bəzi marginal qruplar onların əlində alətə çevriliblər. Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər. Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılıb. Məsələn, QHT-lər haqqında qanunvericiliyə dəyişiklik edilib. Xarici donorların bəzi QHT-ləri maliyyələşdirməsinə qanuni şəkildə məhdudiyyət qoyulub. Bu, xarici donorların Azərbaycanda daxili sabitliyə yönəlik planlarının qarşısının alınmasında mühüm rol oynayıb və beləcə həm ictimai, həm də dövlət maraqlarının qorunması təmin edilib. Beləliklə, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də, bu maraqların qorunması hər zaman əsas vəzifə kimi qarşımızda dayanmalıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*