İsti havada çimərliyə bu qidaları aparmaq olmazbackend

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina life.ru saytına müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, qızmar günəş altında qalan qidaların əksəriyyəti sürətlə təravətini itirir və sağlamlıq üçün təhlükəli hala gəlir. Yüksək hərarət və birbaşa günəş şüaları bakteriyaların çoxalması üçün ideal şərait yaradır.

Çimərlikdə temperatur yüksək olduğu və insanlar uzun müddət günəş altında qaldıqları üçün qidaların təhlükəsizliyini qorumaq çətinləşir. Həkim ilk növbədə aşağıdakı məhsullardan imtina etməyi tövsiyə edir:

– Balıq və dəniz məhsulları əlavə olunmuş souslu salatlar;

– Bişmiş kolbasa, sosiska;

– Kəsmik, qatıq və yumşaq pendirlər;

– Doğranmış meyvə və tərəvəzlər (doğranmış məhsullar tez şirə buraxdığı üçün mikroorqanizmlərin inkişafına şərait yaradır).

Kremli qənnadı məmulatları ilə də xüsusilə ehtiyatlı olmaq lazımdır. Hətta fabrik istehsalı olan desertlərin kremləri belə isti havada tez xarab olur. Ev şəraitində hazırlanan şirniyyatlar və süd məhsulları tərkibli içliklər isə çox qısa zamanda təhlükə mənbəyinə çevrilə bilər.

Diyetoloq çimərliyə spirtli içkilər, şirin qazlı sular, qəhvə və tünd çay aparmağı da məsləhət görmür:

– Alkoqol və kofein orqanizmin susuzlaşmasına səbəb olur.

– Şirin içkilər isə susuzluğu yalnız qısa müddətə yatırır. Qanda qlükoza səviyyəsinin kəskin artmasından sonra baş verən ani eniş halsızlığa səbəb ola bilər.

Bunun əvəzinə, çimərlikdə qəlyanaltı üçün qoz-fındıq, quru meyvələr, qaletlər, suxarilər, eləcə də qalın qabıqlı bütöv tərəvəz və meyvələr (xiyar, alma və s.) daha təhlükəsiz seçimdir.

Solomatina daha bir vacib məqamı qeyd edib: “Məhsul nə qədər təbiidirsə və tərkibində nə qədər az konservant varsa, isti havada bir o qədər tez xarab ola bilər. Şübhəli qidaları çimərliyə aparmamaq və orada yeməmək daha yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*