Ağdamda su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladı olub.
KONKRET.az xəbər verir ki, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.
Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.
Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

***
18:04
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:15
Ağdamda su anbarında batan ata və övladlarının axtarışlarına dalğıc qrupu cəlb edilib.
Su anbarında batan 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar və 2009-cu il təvəllüdlü Fidanın axtarışına FHN-nin Aran Dalğıc-axtarış qrupu cəlb edilib.
Hazırda axtarış tədbirləri davam etdirilir.
***
16:23
Ağdam rayonunda faciəli hadisə baş verib.
Hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə su anbarında çimərkən boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.\\teleqraf.com


