Bakıdakı sirli məbəd: Cəsədlər burada yandırılırdıbackend

Bakıdakı sirli məbəd: Cəsədlər burada yandırılırdı

Hindlilər öldükdə məbədin ərazisində kremasiya üçün nəzərdə tutulmuş dördbucaqlı daş ərazidə onların cəsədləri yandırılırmış.

Hindistandan gəlmiş tacirlərin Bakı yaxınlığındakı atəşgahda yaşayaraq elə buradaca öldüyünü və cəsədlərinin yandırıldığını yəqin ki, çox az adam bilir. Bəlkə də elə buna görədir ki, son illər Hindistandan ölkəmizə gələn, burada müxtəlif ayinlər icra edən turistlərin, zəvvarların sayı artıb. Suraxanı kəndi yaxınlığındakı “Atəşgah” məbədi təkcə yerlilərin deyil, əcnəbilərin də ibadət yeridir. Deyilənə görə, keçmişdə də belə idi. Bakıdan 30 kilometr uzaqlıqda yerləşən məbəd müxtəlif zamanlarda zərdüştilərin, hinduistlərin və siqhlərin ibadətgahı olub. Tarixi mənbələrə görə, kompleksin inşa tarixi 1713-cü ilə təsadüf edir.

10-12 il əvvəl Atəşgahın ərazisi kiçik idi, qonaqları isə az. İlk baxışdan elə görünürdü ki, zaman keçdikcə, burada gözdən-könüldən uzaq qalıb xarabalığa çevriləcək. Lakin belə olmadı. Məbədin ətrafı hasarlandı, restoranlar, müxtəlif mağazalar salındı, ətrafı əcnəbi musiqilərin sədaları bürüməyə başladı. İndi ora gedəndə adama elə gəlir ki, Azərbaycanda yox, hansısa xarici ölkədəsən.

Məbədin bələdiçi Seyid Nəcəfovun sözlərinə görə, məbədin adı “Alov evi” və ya “Alovun məkanı” mənasını verir.

Bu ərazilərdə yerdən çıxan təbii qazlar alovlanaraq daim yandığı üçün, insanlar buranın müqəddəs yer olduğunu düşünərək burada məbəd tikiblər. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan və İran ərazilərində islamdan öncə zərdüştilik də geniş yayılıb. Bu dinə görə, insan 4 müqəddəs ünsürə  – od, su, torpaq və havaya hörmətlə yanaşmalıdır. Ona görə də, bu dörd ünsürü müqəddəs hesab edib, onların daima təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu, göstərdiyimiz dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edirdilər. Onlar odun nuruna sitayiş edir, qarşısında səcdə qılıb, dua oxuyur və onun şərəfinə qurbanlar verirdilər. Lakin sonradan bütün bu inanc dəyişdirildi və insanlar sırf oda sitayiş etməyə başladılar və beləliklə, tədricən Zərdüştilik ənənələri üstündə görünüş və formaca eyni, lakin məzmunca fərqli yeni bir din, Atəşpərəstlik formalaşdı.

Nəsəfovun fikrincə, zərdüştlər bu ərazidə odun sönmədiyini gördükləri üçün buranı müqəddəs torpaq kimi seçərək, məbədlərini də burada ucaldıblar. Əsrlər sonra isə hindlilər ticarət yolları vasitəsilə buradan keçərkən, bu alovlar haqqında eşitdikləri zaman bura gəlir və bəzən geri qayıtmır, elə buradaca ölürdülər.

“Məbədin ərazisində kremasiya üçün nəzərdə tutulmuş dördbucaqlı daş ərazi ayrılıb. Məbəd ərazisində yaşayan hindlilər öldükləri zaman burada cəsədləri yandırılırdı. Hindlilər öz dinlərindən imtina etmədikləri üçün, bu məbəd hər iki dinin daşıyıcıları üçün müqəddəs hesab edilir”, – deyə bələdçi bildirib.

Nəcəfov bildirib ki, məbədin 26 otağı var. Otaqlarda hər iki dinə aid simvollar, əşyalar yer alıb. Eyni zamanda otaqlarda iki dildə – fars və sanskrit dilində yazılar var. Burada ziyarətçilərə neft sənayesi ilə bağlı məlumat verilir. Buna səbəb hazırda ərazidə təbii alovun olmamasıdır.

“XIX əsrdə neft sənayesi yaradıldıqdan sonra burada təbii alov azalmağa başlayıb. Neft buruqları məbədin divarlarına çox yaxın salınmışdı. Bu da alovun azalmasına səbəb olub. 1883-cü ildə məbəddə sonuncu təbii alov sönüb”, – deyə Seyid Nəcəfov bildirib.

Məbədin divarlarında həmin dövrlərdə müxtəlif rəsmlər çəkilsə də, bu günə qədər gəlib çıxmayıb. Buranın həyətində 2010-cu ildə bir quyu aşkarlanıb. Deyilənə görə, quyu uzun illər əncir ağacının altında qalaraq itib batıb. Ancaq 2010-cu ildə qazıntlar zamanı aşkara çıxıb.

Hazırda hər gün onlarla turist məbədi ziyarət edir. Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*