DİA ilə bağlı ŞOK İDDİA: Prorektor iki müxtəlif kafedraya necə rəhbərlik edir? – FOTObackend

DİA ilə bağlı ŞOK İDDİA: Prorektor iki müxtəlif kafedraya necə rəhbərlik edir? - FOTO

Redaksiyamıza Dövlət İdarəçilik Akademiyası (DİA) ilə bağlı diqqətçəkən məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, daxil olan məlumata əsasən, akademiyanın elm və beynəlxalq əlaqələr üzrə prorektoru Elvin Əzizbəyov eyni zamanda iki müxtəlif kafedraya – intellektual sistemlərin idarəolunması və dövlət idarəçiliyində informasiya texnologiyaları kafedralarına rəhbərlik edir.

Məsələ ilə bağlı DİA-ya rəsmi sorğu ünvanlansa da, hələlik cavab əldə olunmayıb. Sorğunun skrinşotu redaksiyamız tərəfindən təqdim edilib.

Mənbənin iddiasına görə, sözügedən vəzifəli şəxs təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirilməsindən də keçməyib. Lakin bu məlumat da rəsmi şəkildə təsdiqini tapmayıb.

Bir nəfərə neçə vəzifə həvalə oluna bilər?

Universitet idarəçiliyində prorektor vəzifəsi özü-özlüyündə tam ştatlı və yüksək məsuliyyət tələb edən postdur. Xüsusilə elm və beynəlxalq əlaqələr sahəsi strateji istiqamət hesab olunur. Bu sahəyə beynəlxalq əməkdaşlıq, elmi layihələr, akademik reytinqlər, konfranslar və qrant proqramları daxildir.

Belə olan halda, eyni şəxsin paralel olaraq iki ayrı kafedraya rəhbərlik etməsi bir sıra suallar doğurur:

* Bu qədər vəzifə bir nəfərə niyə həvalə olunur?

* Akademiyada alternativ kadr potensialı yoxdurmu?

* Yoxsa vəzifə bölgüsündə fərqli meyarlar tətbiq olunur?

Meritokratiya, yoxsa mərkəzləşmə?

Beynəlxalq təcrübədə ali təhsil müəssisələrində vəzifə bölgüsü əsasən kompetensiya və akademik göstəricilər əsasında aparılır. Əgər akkreditasiya ilə bağlı iddialar təsdiqlənərsə, bu, daha yüksək vəzifələrin verilməsi ilə bağlı ictimai izah tələb edən məsələ kimi gündəmə gələ bilər.

Akkreditasiya prosesi yalnız formal prosedur deyil, təhsilin keyfiyyətinə uyğunluğun əsas göstəricilərindən biridir.

Gənc alimlərə verilən mesaj

Mövzunun digər tərəfi isə universitet daxilində formalaşan mühitlə bağlıdır. Belə iddialar fonunda gənc müəllim və tədqiqatçılar arasında peşəkar inkişafın hansı meyarlar əsasında qiymətləndirildiyi ilə bağlı suallar yaranacaq. Bu isə akademik motivasiyaya mənfi təsir göstərə bilər.

Gözləntilər və məsuliyyət

Qeyd edək ki, Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi sahəsində kadr hazırlayan əsas ali təhsil müəssisələrindən biri hesab olunur. Bu baxımdan, cəmiyyətin bu qurumdan gözləntiləri də yüksəkdir: şəffaflıq, peşəkarlıq və ədalətli kadr siyasəti.

Yeri gəlmişkən, Elvin müəllimin sabiq PA rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə birgə nəşr etdirdiyi kitabı da diqqətimizi çəkdi.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*