backend

"Bankın lisenziyasının ləğvinə heç bir əsas görmürəm" - "Günay Bank"ın bağlanmasına SƏRT REAKSİYA

“Günay Bank” xüsusilə risk qrupunda olmayan kiçik bank kimi tanınır. Bu bankın nə müştərilərin pullarının qaytarılması, nə də ki, problemləri kreditlərin mövcudluğu ilə bağlı məhkəməlik işi olub. Adıçəkilən bank  öz işi ilə sakit məşğul idi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. O, “Günay Bank” ASC-nin bağlanmasını mənfi dəyərləndirdiyini açıqlayıb: “Sözügedən bankın lisenziyasının ləğvi üçün heç bir əsas görmürəm. Son vaxtlar çıxışlarımda da, Azərbaycanda bağlanmağa layiq bankın olmadığını vurğulayırdım. Yəni banklarda bəzi problemlər olsa da, ümumi vəziyyət normal və sabit qiymətləndirilməlidir. Müxtəlif bankların Mərkəzi Bankın hansısa normativini pozması mümkündür. Amma ölkədə ciddi sistem əhəmiyyətli risk yaradan bank mövcud deyil. “Günay Bank” isə xüsusilə risk qrupunda olmayan kiçik bank kimi tanınır. Bu bankın nə müştərilərin pullarının qaytarılması, nə də ki, problemləri kreditlərin mövcudluğu ilə bağlı məhkəməlik işi olub. Adıçəkilən bank  öz işi ilə sakit məşğul idi. Mərkəzi Bank “Günay Bank” ASC-nin kapital tələbinə əməl etmədiyini əsas gətirir. Amma adıçəkilən bank bu fikirlə razılaşmır. Bank kapital tələbinin 50-yə nisbətən 67 milyon olduğunu açıqlayır. Lap tutaq ki, 50 milyonluq kapital yoxdur. Bu tələbin özü tamamilə ədalətsizdir. Bu tələbi vaxtilə sabiq Mərkəzi Bank sədri Elman Rustəmov tətbiq edib. Yəni Azərbaycanda fəaliyyət göstərən bütün bankların 50 milyon kapitalı olmalıdır. Bu, çox məntiqsiz qərardır. Çünki kiçik bankla nəhəng bankdan eyni kapitalı tələb etmək olmaz. Əsas işin keyfiyyəti, səmərəliliyi və risk səviyyəsi yoxlanılmalıdır”.

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

Əkrəm Həsənovun sözlərinə görə, az pulla daha çox kapital qazanan banklar var: “Bank da var ki, əvvəl necə bərbad fəaliyyət göstərirdisə, indi də o cür davam edir. Buna, Beynəlxalq Bankı misal çəkmək olar. Dövlət bu banka 5 milyard vəsait qoyaraq müflisləşməkdən xilas etdi. Yəni bizdə bütün banklara eyni tələblər qoyurlar. Amma ABŞ-da, Avropada az kapitalı olan banklar fəaliyyət göstərir. Bizdə isə 50 milyon tələbi qoymaqla bankların çoxunu bağlamaq və az bank saxlamaq istəyirdilər. Buna da nail olublar. Bir neçə il ərzində bankların çoxu bağlanıb. Hətta Mərkəzi Bankın öz məlumatında da, “Günay Bank” ASC-nin heç bir risk yaratmadığı qeyd olunub. Təbii ki, həmin bankda olan və sığortalanan əmanətlər barədə heç bir problem yaranmayacaq. Bu vəsaitləri Əmanətlərin Sığortalanması Fondu konpensasiya etməlidir. Amma sözügedən bankda sahibkarların və şirkətlərin pulları da var ki, onlar sığortalanmayıb. Ötən illərdə bağlanan bankların aqibətindən də görmüşük ki, bu cür əmanətlər bir qayda üzrə batır və geri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondu bankların əmlakını satmalı, verdiyi kreditləri qaytarmalı, daha sonra həmin pul hesabına əmanətlərin konpensasiyasına sərf etdiyi vəsaiti və ləğv prosesinə çəkdiyi xərci geri götürməlidir. Yalnız bundan sonra digərlərinə pul çata bilər. Amma bir qayda olaraq onlara heç bir vəsait ödənilmir. Çünki Əmanətlərin Sığortalanması Fondu qanunsuz, qeyri-şəffaf və korrupsioner fəaliyyəti ilə  olan-qalan “pulun başına daş salır”. Təhlükə yalnız o bankda pulu qalanları gözləmir. Çünki sahibkarlar Azərbaycanda iri banklardan başqa digərlərinin heç bir səsbəb olmadığı halda bağlana biləcəyini düşünür. Ona görə də, sahibkarları faktiki olaraq məcbur edirlər ki, onlar kiçik və orta sektorlu bankların fəaliyyətindən çıxaraq daha iri inhisarçı bankların müştərisinə çevrilsinlər. Bunun nəticəsi isə çox pis ola bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*