“Beynəlxalq aləm Azərbaycanın maraqları ilə hesablaşır” – Politoloqların 3 BAXIŞ BUCAĞIbackend

"Beynəlxalq aləm Azərbaycanın maraqları ilə hesablaşır" - Politoloqların 3 BAXIŞ BUCAĞI

“Azərbaycan beynəlxalq münasibətlərdə dinamik rol oynayan dövlətdir. Qoşulmama Hərəkatının sədri kimi 120-dən artıq dövlətin fəaliyyətini koordinə edən ölkə, BMT-dən sonra ikinci ən böyük təşkilatın başçısı kimi beynəlxalq münasibətlərin hərəkətverici qüvvələrindən biri sayıla bilər”.

KONKRET.az-a özəl açıqlamasında bunları deyən politoloq Qabil Hüseynli Azərbaycanın üzvlük etdiyi digər birliklərdən, Türk Dövlətləri Təşkilatından da bəhs edib. Qabil Hüseynli Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin bugünkü görüşünə də toxunub. Bildirib ki, toplantıda “orta xətt” prinsipilə olan kəmərin işə salınması, gələcəkdə isə Xəzərin dibindən karbohidrogen ehtiyatlarının daşınması danışıqların mühüm mövzularındandır:

“Azərbaycan Avropaya inteqrasiya istiqamətində də ciddi addımlar atır. Hələ ki, Avropa Birliyinə assosiativ üzvlüklə bağlı addımlar atmır, çünki Aİ ilə ikili münasibətlərə üstünlük verilir. İkili münasibətlərin qurulması layihəsi, demək olar ki, hazırdır. Belə ki, tərəflərin üzərinə düşən öhdəliklərin 98 faizi razılaşdırılıb. Xırda məsələlər qalıb ki, onların da razılaşdırılması 2023-ün əvvəllərinə kimi həll oluna bilər. Bu isə Qərbə inteqrasiya yolunda mühüm addım olacaq. Bölgəyə gəlincə, Azərbaycan regionun superdövlətidir və Cənubi Qafqazda yeni siyasi konfiqurasiyanın təşəbbüskarıdır. Buna görə də Azərbaycanı həm region, həm də dünya məkanında aktiv oyunçu hesab etmək olar”, – deyə Qabil Hüseynli fikrini bitirib.

Politoloq Yeganə Hacıyeva isə mövzuya Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra xarici siyasətinin vektorları haqqında danışmaqla başladı. Çünki o dövrdən etibarən dünya birliyinə inteqrasiya ölkənin xarici siyasətinin vacib elementlərindən biri oldu. Müstəqillliyin ilk illərindən mövcud qlobal nizamın faydalı oyunçusu olmaq təşəbbüsləri ilə yanaşı, Azərbaycan milli maraqların qorunmasına da çalışıb:

“Səylərimiz təkcə özümüzdə deyil, regionumuza sülh və stabillik gətirilməsi, həmçinin qlobal təhlükəsizlik naminə ciddi addımlarla yadda qalıb. Azərbaycanın bu siyasəti hazırda da davam etdirilir.

Digər dövlətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq yuxarıda qeyd etdiyim kimi, xarici siyasətin əsas elementidir. Və biz dünyaya açıq, modern dünyanın bir hissəsi olan demokratik təsisatları olan dövlətik. Azərbaycanın region və qlobal proseslərdə qaynar ocaqlar və konfliktlərin həlli təşəbbüslərində faydalılığı özünü həmişə biruzə verib. Azərbaycan uzun illər qaynar ocaqların, konfliktli situasiyaların həlli istiqamətində addımların atılması üçün platforma rolunu oynayıb. Nümunə kimi, Əfqanıstan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrində stabilliyi hədələyən konfliktlərin həlli, kompromis şərtlərin əldə olunması istiqamətində Bakının bir beynəlxalq platforma kimi etdiyi səyləri göstərmək olar.

Pandemiya dövründə yalnız aid olduğumuz coğrafiya üzrə deyil, qlobal səviyyədə pandemiyanın fəsadlarının aradan qaldırılması üçün və nəticədə təhlükəsiz şərtlərin formalaşdırılmasında güclərimizi səfərbər etdik.

Bu istiqamətdə Qoşulmama Hərəkatı, İslam Əməkdakdaşlıq Təşkilatının imkanlarını qlobal pandemiya fəsadlarının aradan qaldırılmasında, Avropa Birliyinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadıq. Bütün bunlara paralel sadalanan təşkilatların imkanlarını öz milli maraqlarımızın müdafiəsi üçün də istifadə etdik.

Nəticədə 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Hazırda psoses diplomatik müstəvidə davam edir”.

Politoloq Zaur Məmmədov Azərbaycanın regionda yeni siyasi kinfiqurasiya yaratdığını önə çəkib. Onun fikrincə, bəzi dövlətlər ermənilərdən istifadə edərək bölgədə öz məqsədlərini həyata keçirtməyə cəhd edirlər:

“Baxmayaraq ki bütün dövlətlərlə normal əlaqə qurmaq üçün əlimizdən gələni edirik, lakin hər dəfə bu və ya digər amillər ortaya çıxaraq regionda sabitlik və səmimiliyə mane olur. Əlbəttə ki, bütün addımlar atılacaq, region dövlətlərilə, xarici ölkələrlə münasibətlərin inkişafı əsas hədəf kimi götürülüb. Biz görürük ki, coğrafi cəhətdən kiçik Azərbaycan beynəlxalq birliyin tamhüquqlu və çox vacib üzvlərindən biridir. Beynəlxalq tədbirlərin mütəmadi olaraq ölkəmizdə keçirilməsi, müxtəlif hegemon dövlətlərin nümayəndə heyətləri arasında görüşün Bakı şəhərində təşkili buna sübutdur. Əməkdaşlıqlar bundan sonra da davam edəcək”.

Zaur Məmmədov sonda bildirib ki, bu gün beynəlxalq aləm Azərbaycanın maraqları ilə hesablaşır.

Anar Rəhimov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*