“Mənə evin tikilmə, sakinlərin doğum tarixlərini göstərin, deyəcəm ki…” – Fen Şuy məsləhətçisi ilə MÜSAHİBƏbackend

“Mənə evin tikilmə, sakinlərin doğum tarixlərini göstərin, deyəcəm ki...” – Fen Şuy məsləhətçisi ilə MÜSAHİBƏ

Son illərin populyar çərəyanlarından biri də Fen Şuy (Feng Shui) nəzəriyyəsidir. Ölkəmizdə də bu nəzəriyyənin ardıcılları fəaliyyət göstərir. Təbiət qanunlarının insan yaşamına təsirlərini, yaşayış və iş yerimizdə rahat və xoşbəxt yaşamağın şərtlərini araşdıran nəzəriyyə ölkəmizdə də kifayət qədər populyardır.

KONKRET.az-ın müsahibi ötən əsrin sonlarından həyatını Fen Şuy nəzəriyyəsi ilə sıx bağlayan Ülviyyə Məcidovadır. Onunla söhbətə “Fen Şuy nədir?” sualı ilə başlayırıq.

– Fen Şuy hərfi tərcümədə “külək” və “su” deməkdir. Təbii ki, söhbət küləkdən yox, dağlardan gedir. Çünki küləklə yüksələn və dənizin sahilində dayanan Çi enerjisini (red – irsi enerji) istehsal edən dağlardır. Buna görə də dənizlə dağ arasındakı ərazi həmişə Çi enerjisi ilə zəngin olan ən yaxşı yerlər hesab olunur. Amma bu o demək deyil ki, orada tikilmiş daşınmaz əmlakın hamısı avtomatik olaraq bütün sakinlərə firavanlıq gətirəcək. Düzgün istiqamətləndiriləndə doqquz təyinatdan ibarət olan Çi enerjisi həqiqətən insana firavanlıq və rahatlıq gətirir. Bunun numerologiya ilə heç bir əlaqəsi yoxdur. Hər şey evin təbiət mənzərəsinə münasibətdə necə qurulmasından asılı olur.

– Bizim binalar və evlər belə enerjini qəbul etməyə hazırdırmı?

– Ölkəmizdə tikintilər düzgün aparılmadığından evlərimiz enerji görmür. Ona görə də əhalimizin çoxu kasıbdır. Enerjisi çatışmayan insanlar isə, adətən, qəzəbli olur və hər şeyə görə ətrafdakıları günahlandırırlar. Yalnız enerji baxımından düzgün tikilmiş evdə və ya mənzildə sakinlər firavan və fərəhli həyat sürürlər. Amma bu, o demək deyil ki, həmin bina sakinlərinin hər biri zəngin və xeyirxahdır. Burada mənzilin daxili Fen Şuyu da böyük rol oynayır. Əgər hansısa sakinin mənzilinin qapısındakı enerji mənfidirsə, o, var-dövlətdə, sağlamlıqda qonşusundan geri qalır. İzah edim: kimin qapısı 9-cu enerjiyə aiddirsə, o, sağlam, firavan, xöşbəxt yaşayır, amma qapısı 2-ci enerjiyə məxsus olanlar xəstə olurlar. Belə evdə həkim yaşayırsa və xəstələrini evdə qəbul edirsə, ona bu enerji mənfi təsir etmir. Belə mənzil sahiblərinin Fen Şuy mütəxəssislərinin məsləhətinə böyük ehtiyacı yaranır. Mütəxəssislər illərlə bu fəlsəfəni öyrənir, çünki çinli ustadlar Fen Şuyun bütün sirlərini yetirmələrinə, xüsusilə də əcnəbilərə dərhal öyrətmirlər.

– Belə çıxır ki, bəzi enerjilər ya müsbət, ya da mənfi tərəflərə malikdir?

–  Əslində, hər bir enerjinin mənfi və müsbət tərəfi var. Hər şey bizim onları necə istifadə etməyimizdən asılıdır. Məsələn, 3-cü enerjisi olan qapıya baxaq. Belə evə daxil olanda hər kəsin bir-biri ilə dalaşdığını, aqressiv olduqlarını görürsən. Bu enerjinin mənfi təsirini qaldırmaq üçün belə ailələrin bütün üzvləri idmanla məşğul olmalıdırlar. İdman zallarında enerjisini xərcləyən insanların evdə dava salmağa gücü qalmır. Əlbəttə, bəzən onlar bir-birilərinə səslərini yüksəldə bilərlər, amma artıq mənzildə dava-dalaş olmur.

– Siz Çin nəzəriyyəsinə necə gəldiniz?

– Uşaqlıqdan ezoterikanı çox sevirdim. Fantastika əsərlərini və nağılları çox oxuyurdum. Ən sevimli kitablarımdan biri də Belyayevin “Professor Douelin başı” kitabı idi. Bu həvəsim elmi nəzəriyyəyə gəlməyimə səbəb oldu. 15 il öncə çinlilər Fen Şuy texnikasının sirlərini paylaşmağa başladılar. Onlar Moskva və Kiyevə mütəmadi səfərlər edirdilər. Mən də hər iki şəhərə gedərək ustadımdan sirləri öyrənməyə çalışdım.

– Bu yolda hansı çətinliklərlə üzləşdiniz və nəyə nail oldunuz?

– Bir dəfə təsadüfən Bakıdakı kitab passajında Lilian Tunun bir neçə kitabını gördüm. Öz-özümə düşündüm ki, yəni zəngin və xoşbəxt olmaq belə asandır?! Həmin illərdə o kitablar çox baha idi, 120-130 manata satılırdı. Bu məbləğ mənim aylıq maaşım idi. Lakin sonradan məlum oldu ki, onun kitabında çoxlu “tələ”lər var. Həmin kitabda yazılan su obyektinin mənzildə yerləşdirilməsi düsturunu evimizdə tətbiq etdim, ertəsi günü anamı xəstəxanaya aparmalı oldum. O zaman düşündüm ki, Fen Şuy tam bidətdir və su obyektini evdən çıxardım.

Yalnız illər sonra anladım ki, bu kitabı yazdıranların məqsədi elə insanları azdırmaq olub. Çünki 80-ci illərdə avropalılar Çin imperatorlarının Fen Şuyla bağlı sirləri uğrunda ova çıxmışdılar. Bu sirlər adi çinlilərdən də gizlədilirdi və ölkədən kənara çıxarılmırdı. Avropalıları bu təqibdən çəkindirmək üçün bəhs etdiyim kitabın yazılması barədə əmr verilmişdi. Odur ki, mən hər zaman evlərində və ya həyətlərində su obyektlərini yerləşdirmək istəyənlərə xəbərdarlıq edirəm. Əgər onun evin hansı hissəsində yerləşdirilməsini bilmirsinizsə, bunu etməyin. Bunu yalnız məsləhətçi bilir. Çünki həmin su obyekti ilə həyatınıza rifah, sevinc də gətirə bilərsiniz, bədbəxtlik də. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır.

Bu sahədə uğura gəldikdə, deməliyəm ki, bütün Fen Şuy mütəxəssisləri öncə hər eksperimenti öz üzərlərində sınamalı, sonra onları ətrafdakılara tətbiq etməlidirlər. Hər kəsə firavanlıq və sərvət vəd edən, özü zavallı durumda olan məsləhətçiyə kim inanar?! Bu gülməli çıxar. Bütün ustadlar deyirlər ki, rifah ilk növbədə özünə gəlməlidir ki, getdikcə təkmilləşib, digərlərini də buna inandırmağa bacarasan.

– İlk təlimdən sonra öz eviniz sizə necə göründü?

– O zaman valideynlərimin evində yaşayırdım. Gördüm ki, evimiz Fen Şuy baxımından çox kasaddır. Uşaqlıqda yatdığım otağın enerjisini ölçəndə orada xəstəlik enerjisinin olduğunu gördüm. Uşaqlıqda astma xəstəliyim vardı və demək olar ki, xəstəxanalarda yaşayırdım. Hər həftə evimizə təcili yardımlar gəlirdi. Yalnız anam intiutiv olaraq məni başqa otağa keçirəndən sonra sağalmağa başladım. Fen Şuy konkret elmdir, o, dini inanc deyil. Biz hər evdə problemin kökünə baxırıq, əgər problemi üzə çıxarırıqsa, məsələnin həll olunacağına əminliyimizi bildiririk. Əgər problemin həmin evdə həlli yoxdursa, ev sahibinə yeni mənzilə daşınmağı məsləhət görürük.

– Deyilənə görə, bu nəzəriyyəyə inanmamaq insana zərər vurmur. Məgər evini və həyatını bir nəzəriyyəyə uyğunlaşdırmaq insanı xoşbəxt edir?

– Mən bu məsələyə başqa cür yanaşardım. Tutaq ki, sizin evinizə gəlirəm və deyirəm ki, hazırda bu evdə hər hansı təmir işi görmək olmaz. Əgər təmir səs-küyü salsanız, avtomobil qəzasından tutmuş xəstəliyə qədər problemləriniz başlaya bilər. İnsan belə məsləhətə qulaq asmayanda problemləri başlayır və onlar hansısa falçıya, cadugərə qaçırlar. Belə inamsızlıqla özlərinə ziyan vurmağa başlayırlar. Halbuki problem məkandadır. Xəstə olmaq istəmirsinizsə, çarpayının, karyeranızı yüksəltmək istəyirsinizsə, stolun yerini dəyişmək lazım gəlir. Siz heç inanmaya bilərsiniz, amma bu hərəkəti etməklə səmərəsini görəcəksiniz. Fen Şuyun qanunlarını rədd etməyi məsləhət görmürəm.

– Öncə nədən başlamaq lazımdır?

– İlk növbədə insan öz həyatını dəyişmək istəyib-istəmədiyini müəyyənləşdirməlidir. Çünki Fen Şuy həyatımızı tamamilə dəyişdirir. Əvvəlcə həyatımız alt-üst olur, sonra yenidən və yüksək səviyyədə qurulur. Əgər lazım gəlirsə, ev dəyişdirilir. Biz yeni evi diqqətlə araşdırırıq. Blokun qapısını kompasla ölçürük. Bu zaman evin tikilmə tarixi və ailə üzvlərinin doğum tarixləri lazım olur. Proqnozları veririk və nəticədə dəyişiklikləri görürük.

– Hazırda azad edilmiş torpaqlarımızda şəhərlər və kəndlər yenidən tikilir. Sizcə, həmin yerlərin Fen Şuy nəzəriyyəsinə uyğun tikilməsi ölkəmizə rahatlıq, firavanlıq və xoşbəxtlik gətirə bilərmi?

– Əlbəttə, gətirə bilər. Əgər azad olunmuş ərazilərimizdəki şəhər və kəndlər bütün dövlət strukturları, mühüm obyektlər, yaşayış evləri düzgün tikilsə, nəinki əhalinin rifah halı yüksələr, həm də ölkənin özündə inkişaf yaşanar. Sinqapurdakı inkişaf da buna misaldır. 1959-cu ildə Sinqapur Respublikasının ilk baş naziri Li Kuan Yu hakimiyyətə gələndə 3 Fen Şuy məsləhətçisini yanına dəvət edir. Onlara bildirir ki, şəhəri sizin ixtiyarınıza verirəm. Onun başdan-ayağa tikilməsi və çiçəklənməsi şərtilə əlinizdən gələn hər şeyi edin. O zaman ətrafındakılar hakimiyyətə gətirdikəri baş nazirə axmaq kimi baxdılar, lakin özləri axmaq yerində qaldılar. Li Kuan Yu çox dərin insan idi, Çin imperatorlarının yaşayışını və fəaliyyətini araşdırmışdı. Bilirdi ki, hansısa sirlər var və onlara çıxmağı bacardı. İndi görün Sinqapurda necə yüksək təfəkkürlü, ağıllı adamlar yaşayır.

Afrikanın hansısa ölkəsi Sinqapurdan yüz illərlə geridədir. Sinqapurda qəzəbli insan görmürsən. Fen Şuy nəzəriyyəsi ağıllı adamlar yetişdirir. Onlar bir-birinə və təbiətə ziyan vurmurlar. Əgər Qarabağda şəhərlərimiz və kəndlərimiz bu düstur üzərində tikiləcəksə, insanlarda aqressiya və narazılıq yoxa çıxacaq. Onlar məhsuldar işləməyə, yaratmağa və harmoniya içində yaşamağa öyrəşəcəklər. Hər insanın Günəş altında öz yeri olacaq, ona öz ölkəsində yaşamaq rahat olacaq. Evləri düzgün tikmək lazımdır ki, növbəti nəsillərimiz Sinqapurdakı nəsillər kimi yaşasınlar.

– Sizdən məsləhət almaq istəyənlərin sayı çoxdur? Onların arasında Fen Şuydan faydalananlar və rahatlıq tapanlar daha çoxdur, yoxsa heç nəyə nail olmayanlar?

– Mən çox məhdud çevrə ilə işləyirəm. Çünki məsləhətlərim bahadır. Ustadlarımız deyirlər ki, Fen Şuyun qiyməti aşağı ola bilməz. Əgər insan şüurlu şəkildə doğru yaşamağı seçirsə, Yaradan onu düzgün məsləhətçinin yanına gətirib çıxarır. Amma məndən kömək istəyənlər nəticəni görüb, öz yaxınlarına da məni məsləhət gördükləri üçün getdikcə onların sayı artır.

Əgər müraciət edən şəxs deyilənləri dəqiq yerinə yetirirsə, birmənalı olaraq səmərəsini görür. Əgər bunu yarımçıq edirsə, səmərə də yarımçıq olur. Biz artıq iki giriş qapısı olan evləri tikməyi öyrənmişik. Bir qapıdan mənfi enerji daxil olursa, onu bağlayır, digər qapıdan istifadə edirik. Bununla hansısa neqativ hadisənin, məsələn, xəstəliyin qarşısını alırıq. Uğur isə 3 amildən asılıdır. Birinci amil doğum tarixi, ikincisi – məkan, üçüncüsü – insanın öz fikirləri və hərəkətləridir.

– Bu nəzəriyyənin Azərbaycanda tərəfdarlarının çoxluq təşkil etməsi həyatımızda nəyi dəyişə bilər?

– Birmənalı olaraq çiçəklənməyə gətirib çıxarar. Əgər insanlar evlərini, ticarət mərkəzlərini, digər binaları şüurlu şəkildə tiksələr, xoşbəxt, şən, həyatlarından razı insanların sayı artacaq.

– Yəqin ki, cəmiyyətdə aqressiyanın artdığını siz də görürsünüz. Ailə qatillərinin sayı artmaqdadır. Sizcə, Fen Şuy mütəxəssislərinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı bu problemə töhfə verə bilərmi? Yaxud, sizin kimi ekspertlərin Elmlər Akademiyası ilə əməkdaşlığı Azərbaycan elminə hansı faydanı verə bilər?

– Əlbəttə töhfə verə bilərik. Çünki məsləhətçi cinayətin törədiləcəyi və ya baş verdiyi məkana gələndə bunun səbəbini anlayır. Əgər problemi düzəltsək və ya tamamilə aradan qaldırsaq, aqressiya da olmayacaq. Qətllərin, cinayətlərin sayı azala bilər.

Bu, Elmlər Akademiyası ilə Fen Şuy ekspertlərinin əməkdaşlığına da aiddir. Belə əməkdaşlıq Azərbaycan elminə böyük fayda gətirə bilər. Sadəcə, təəssüf ki, Fen Şuy ustadları hələlik məsləhətçilərə öz biliklərini öyrətməyə izn vermirlər. Buna görə çoxlu sayda sənədlər imzalayıb, öhdəliklər götürmüşük. Öyrəndiklərimiz Çinin sərvəti hesab olunur və bu sirlər çox dar çərçivəyə ötürülür. Mən yalnız icazə verilənləri paylaşa bilərəm. Amma əsas düsturları ustadımın sağlığında yaya bilmərəm. Onun ölümündən sonra növbəti nəsli yetişdirə bilərəm. Hazırda mən digər sirləri də öyrənməliyəm. Onlardan biri məzarın tikintisi ilə bağlıdır. Mənə onları hələ yaymağa icazə verilmir. Məsləhətçi öz ölkəsində evlərin, şəhərlərin, kəndlərin tikintisi üzrə məsləhətlərini verə bilər, amma təlimlə məşğul ola bilməz.

– Müsahibəyə görə təşəkkür edirik.

Xatirə SADİQ,

KONKRET.az

  • Abbas
    Mart 5, 2024 - 20:33

    Buna deyirlər –+ yayı atıb oxu gizlətmək. Bu boyda müsahibə dərc olunub amma məsləhətçi ilə əlaqə yeri yoxdur. Haradan tapaq, necə məsləhət alaq, bəlli deyil.

    • xatirə
      Mart 6, 2024 - 12:05

      Nömrəsi belədir: +994 50 861 33 93

  • Garachanta
    Mart 21, 2024 - 22:47

    ELM TƏHSİL SƏHİYYƏ TEXOLOGİYA SİSTEMLƏRİMİZİ BUNA HƏVALƏ EDƏK…FEN ŞUY 4 NAZİRLİYƏ BƏRABƏR İŞ GÖRƏ BİLƏR :)))))))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*