Böyük Britaniyada 3 min nəfər “Johnson & Johnson” şirkətinə qarşı 1 milyard funt sterlinq dəyərində məhkəmə iddiası qaldırıb. Şikayətçilər bildirirlər ki, şirkətin illərdir satışda olan “talk” əsaslı uşaq pudralarını qəsdən “asbest” adlı maddə ilə çirkləndirilib. Qeyd edək ki, asbest xərçəng riskini artıran təhlükəli maddə kimi tanınır.
Maraqlıdır, bu iddiaların tibbi əsası varmı? Uşaq pudraları həqiqətən xərçəng riski yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəng xəstəliyi bu gün təkcə yaşlılar arasında deyil, gənclər və uşaqlar arasında da sürətlə yayılmaqdadır.
“Xərçəngin yaranmasına bir çox amillər təsir edir – həyat tərzi, qidalanma, hava çirkliliyi və istifadə olunan məhsullar. Bəzi kosmetik vasitələrin tərkibində olan maddələr də xərçəng riski yaradır. Bu sıraya “talk” əsaslı məhsullar da daxildir. Əvvəllər bu maddədən geniş istifadə olunurdu, lakin son illərdə onun tərkibi ilə bağlı narahatlıqlar artıb,” – həkim qeyd edib.
F.Museyibovun sözlərinə görə, “asbest” xərçəngə səbəb ola bilən təhlükəli maddələrdəndir və bəzi kosmetik vasitələrin tərkibində bu cür elementlərin mövcudluğu ciddi sağlamlıq riski yaradır:
“Bu səbəbdən valideynlər uşaqlar üçün gigiyenik vasitələr və kosmetik məhsullar alarkən diqqətli olmalıdırlar. Məhsulun istehsal və istifadə müddətinə, saxlanma şəraitinə baxmaq çox vacibdir. Hər yerdən alınan ucuz məhsullar sağlamlıq üçün təhlükə yarada bilər.”
Xatırladaq ki, “Johnson & Johnson” şirkəti bir müddət əvvəl ABŞ-da da oxşar iddialarla üzləşmiş və 2023-cü ildə “talk” əsaslı uşaq pudrasının satışını dayandırdığını açıqlamışdı.
Aynurə İsmayıl
KONKRET.az