Fərdi ev tikmək istəyənlər mütləq oxusun: Bu halda icazə verilməyəcək…backend

Fərdi ev tikmək istəyənlər mütləq oxusun: Bu halda icazə verilməyəcək...

Son illər fərdi yaşayış evlərinin tikintisinə maraq artsa da, bəzi hallarda vətəndaşlara tikinti icazəsi verilmədiyi müşahidə olunur. Bəs, hansı hallarda icazə verilməyə bilər?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov KONKRET.az-a açıqlama verib.

Fərdi evini iki mərtəbə qaldırmaq istəyənlərin NƏZƏRİNƏ | KONKRET

Ekspert bildirib ki, həyət evi tikmək üçün ilk növbədə torpaq sahəsinin çıxarışı olmalıdır:

“Torpağın çıxarışında onun kateqoriyası mütləq diqqət yetirilməlidir. Çıxarışda əgər “yaşayış məntəqəsinin torpaqları” yazılıbsa, həmin ərazidə ev tikmək üçün yararlı hesab edilir. Çünki bəzi torpaq sahələrində torpağın kateqoriyası kənd təsərrüfatı, əkinçilik, maldarlıq və ya kommersiya məqsədli ola bilər. Belə hallarda yaşayış üçün ev tikintisinə icazə verilmir,” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, torpaq sənədi qaydasında olduqdan sonra növbəti mərhələ layihələndirmədir:

“Vətəndaş mütləq şəkildə lisenziyası olan layihə təşkilatına müraciət etməlidir. Evin layihəsi hazırlanır, təsdiqlənir və bir nüsxəsi aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyətinə göndərilir. Bu zaman orada araşdırma aparılır ki, torpağın altından hər hansı kommunikasiya xətləri, elektrik, qaz, kanalizasiya boruları və s. keçirmi ya yox. Bu, yoxlanılır.”

Anar Nəsirov əlavə edib ki, icra hakimiyyəti 10 iş günü ərzində cavab verməlidir. Əgər bu müddətdə cavab verilməzsə, vətəndaş layihə təsdiqləndiyi halda tikintiyə başlamağa hüquq verir:

“Əsas odur ki, layihə tikinti normalarına uyğun şəkildə hazırlanmış olsun. Bundan sonra vətəndaş evi tikib bitirdikdən sonra, qanuni qaydada rüsumları ödəyərək eviniə çıxarış ala bilər.”

Ekspertin sözlərinə görə, torpağın kateqoriyası uyğun deyilsə və ya kommunikasiya xətləri üzərində yerləşirsə, bu halda yaşayış evi tikintisinə icazə verilmir.

Aynurə İsmayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*